İşgəncə məruz qalmış jurnalistin tibbi ekspertizası keçiriləcək

Nicat (5)

Mayın 30-da  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Prosesin  açıq olaraq keçirildiyi bildirilsə də, zala giriş sayına məhdudiyyyət qoyulub və  az sayda media nümayəndələri içəri daxil ola biliblər.  Belə ki, RATİ (obyektiv.tv) əməkdaşı Fərqanə Novruzova, “Bizim Yol” qəzetinin əməkdaşları Rəşad Əliyev və  Cavid Qurbanov əsassız olaraq məhkəmə zalına buraxılmayıblar. Rəşad Əliyev əvvəlcə məhkəməyə buraxılsa da, sonradan ona zalda boş yerin olmadığını deyərək, zaldan çıxarıblar.

Prosesdən sonra RATİ-yə açıqlama verən N. Əliyevin vəkili Yalçın İmanov proses başlandığında, ilk olaraq məhkəməyə məhkəmə tibb ekspertizasının keçirilməsi ilə bağlı  yazılı vəsatət təqdim etdiklərini bildirib.

“Vəsatətdə göstərmişdik ki, Nicat Əliyev ötən prosesdə verdiyi ifadəsində  2012-ci ilin 20 mayında polis tərəfindən saxlanılarkən Yasamal Rayon 27-ci polis bölməsində, Yasamal Rayon Polis İdarəsində və İsrailin Azərbaycandakı  səfirliyinin qarşısındakı maşında işgəncələrə məruz qaldığını bildirmişdi. Nicat həmin ifadəsində xəsarətlərin bəzi izlərinin  hələ də üzərində qaldığını qeyd edib. Ötən məhkəmə zamanı müdafiə tərəfi olaraq məhkəmə tibb ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmışdıq və bu gün də onu yazılı şəkildə hakimə təqdim etdik. Bu vəsatətimiz təmin olundu.” –deyən vəkil Y. İmanov jurnalistlərin məhkəmə zalına buraxılmaması barədə də vəsatət qaldırdığını bildirib.

Vəkil qeyd edib ki, zalda boş yerlər kifayət qədər olduğundan jurnalistlərin məhkəmədə iştirakına şərait yaradılmasını hakimdən xahiş etdim, ancaq hakim Z. Ağayev boş yerin olmadığını əsas gətirib, zala buraxılmayan jurnalistlərin içəri buraxılmasına ehtiyac görmədiyini bildirdi.

Qeyd edək ki, məhkəmə növbəti prosesi 6 iyun saat  10:30-a təyin edib. Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edib

Previous Post

ABŞ-Azərbaycan münasibətləri insan hüquqlarına hörmət və qanunun aliliyi prinsiplərindən asılı olmalıdır

Next Post

Hilal Məmmədovun məhkəməsi davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.