ABŞ-Azərbaycan münasibətləri insan hüquqlarına hörmət və qanunun aliliyi prinsiplərindən asılı olmalıdır

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) əllidən artıq ABŞ siyasətçisinin Azərbaycanın vətəndaş cəmiyyəti, azadlıq və demokratiya prinsipləri ilə həmrəylik göstərmək əvəzinə prezident İlham Əliyevin rəhbərlik etdiyi avtoritar rejim üçün növbəti müsbət təbliğat olacaq bir addım ataraq Bakıda keçirilən ABŞ-Azərbaycan Qurultayına qatılmasından məyusluq hissi keçirir.

Qeyd etmək lazımdır ki, ABŞ nümayəndə heyətinin Bakıya səfəri ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqları ilə bağlı bir sıra problemlərin- jurnalistlərə, hüquq müdafiəçilərinə və demokratiya uğrunda mübarizə aparan fəallara qarşı fiziki təzyiq hallarının əks olunduğu hesabatın dərc olunmasından cəmi iki ay sonraya təsadüf edir.

“ABŞ siyasətçilərinin səfəri Ağ Evin demokratiyanın təşviqi proqramına tamamilə ziddir” deyə RATİ direktoru Emin Hüseynov qeyd edib. “Belə görünür ki, ABŞ nümayəndə heyəti Azərbaycan vətəndaş cəmiyyətinə həmrəylik mesajı göndərmək üçün qızıl fürsəti əldən verib-  biz iclasın on sessiyasından bir saatının belə Azərbaycanda insan hüquqları ilə bağlı narahatedici vəziyyətin müzakirəsinə həsr olunmamasından xüsusilə məyusuq” deyə Hüseynov fikrini tamamlayıb.

Hakim rejimin sərmayədarlar cəlb etmək niyyəti ilə özünü və ölkəni beynəlxalq tərəfdaşlara stabil təqdim etməsinə cavab olaraq, Azərbaycanla iqtisadi və siyasi əlaqələri olan dövlətlər Azərbaycan hökumətinə öz beynəlxalq öhdəliklərinə əməl etməsi və söz azadlığını təmin etməsi üçün daha çox təzyiq etməlidirlər.

Bu nöqteyi-nəzərdən, “iki dövlətin ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələrini daha da genişləndirmək üçün növbəti imkan” kimi təqdim olunan ABŞ-Azərbaycan Qurultayı ilk əvvəl onu diqqətə çatdırmalıdır ki, ABŞ-la Azərbaycan arasında ən yaxşı münasibətlər insan hüquqlarına hörmət olunması və qanunun aliliyi prinsiplərindən asılıdır.

İki ölkə arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq artıq mövcud olsa da, demokratiya və insan haqları sahəsində əlaqələr inkişaf etdirilməlidir.

Bu nöqteyi-nəzərdən, RATİ Azərbaycanda ABŞ media və hüquq müdafiə təşkilatlarının fəaliyyətinin məhdudlaşdırıldığı bir vaxtda ABŞ nümayəndə heyətinin Azərbaycan hökumətinə xoş münasibət göstərməsindən məyusluq hissi keçirir

Belə ki, üç ay öncə Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) və digər ABŞ təşkilatlarının fəaliyyətini Azərbaycanın ölkə siyasətinə müdaxilə və milli təhlükəsizliyə təhdid hesab edərək onların fəaliyyətinin dayandırılmasını tövsiyə edib.

Digər bir nümunə isə Azad Avropa/Azadlıq Radiosunun müxbirlərinə qarşı onların fəaliyyətinə cavab olaraq həyata keçirilən hədə-qorxu kampaniyasıdır.

ABŞ-Azərbaycan Qurultayının rəsmi internet saytı Azərbaycanı “qlobal enerji təhlükəsizliyinə böyük töhfə verən, gənc dövlətdən regional liderə və beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrilən, sülh və sabitliyi gücləndirən, Avrasiya enerji və nəqliyyat dəhlizini inkişaf etdirən və eyni zamanda Avropa və Avro-Atlantika qurumlarına inteqrasiya edən bir ölkə” kimi təsvir edir.

RATİ hesab edir ki, sabit təhlükəsizlik sisteminin təmin olunması üçün Azərbaycan universal demokratiya və insan hüquqları dəyərlərinə hörmət bəsləməlidir. “Əgər ümumi maraqlardan başqa, həm də ümumi dəyərlərə hörmət bəslənməsə, təhlükəsizlik və inkişaf yalnız “gözdən asılan pərdə” rolunu oynayacaq” deyə Emin Hüseynov şərh verib.

Azərbaycan hökuməti Avropa Birliyi (AB-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində), ATƏT, Avropa Şurası və BMT Təhlükəsizlik Şurası qarşısında ifadə azadlığının təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

İlham Əliyev birinci müddətə prezident seçiləndən bəri ölkədə insan hüquqlarının durumu hədsiz dərəcədə pisləşib. Əliyev rejimini tənqid edən yüzlərlə şəxs fiziki təzyiqlərə və ədalətsiz məhkəmə qərarları ilə həbslərə məruz qalıb. Tənqidçi QHT-lər, vətəndaş cəmiyyəti fəalları və jurnalistlər davamlı şəkildə təqib olunur.

Hazırkı rejim yüksək səviyyədə korrupsiyaya uğramış bir rejim olaraq qiymətləndirilir. Transparency International (Beynəlxalq Şəffalıq) təşkilatının 2012-ci  il üçün hazırladığı reytinq cədvəlində Azərbaycan 176 dövlət arasında 139-cu olub (xatırladaq ki, bu siyahıda 1-ci olan ölkə korrupsiyanın ən az, sonuncu yerdə olan ölkə isə ən çox olduğu ölkədir).

2005-ci ildə BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasını ratifikasiya etməklə Azərbaycan öz üzərinə dövlətin idarə olunmasında şəffaflığın artırılması öhdəliyini götürüb.

Bundan başqa, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına (AHT) üzv dövlətdir və 2012-ci ilin sentyabrında Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı qəbul edib. Lakin açıq hökumət istiqamətində addımlar atmaq əvəzinə, hökumət informasiya əldə etmək haqqında, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında və kommersiya sirri haqqında qanunlara məhdudlaşdırıcı dəyişikliklər etdi. Bu dəyişikliklərin qəbulundan sonra jurnalistlər üçün korrupsiya faktlarını araşdırmaq daha da çətinləşdi, belə ki, yeni dəyişikliklərə uyğun olaraq buna görə onlar cəzalandırıla bilər.

Bütün bunları nəzərə alaraq, RATİ ABŞ nümayəndə heyətinin insan hüquqları məsələləri ilə bağlı Azərbaycan hökumətinə qarşı durmaq istəməməsindən təəssüf hissi keçirir. RATİ ABŞ-Azərbaycan Qurultayında Azərbaycanın insan hüquqları durumunun müzakirə olunmayacağı təqdirdə rejimin özünə-inam hissinin daha da artacağından, nəticədə isə insan haqlarının daha çox pozulacağından və cəzasızlıq mühitinin daha da güclənəcəyindən narahatlıq hissi keçirir.

RATİ ABŞ-ı enerji təhlükəsizliyi, regional təhlükəsizlik və ya terrorizmlə mübarizə istiqamətində atdığı bütün addımlarda insan hüquqlarını nəzərdə saxlamağa çağırır.

Previous Post

Hökumət diffamasiya haqqında qanun layihəsini təhrif etməklə media islahatının qarşısını almağa çalışır

Next Post

İşgəncə məruz qalmış jurnalistin tibbi ekspertizası keçiriləcək

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.