HƏBSDƏ OLAN BLOQÇULARIN AİLƏ ÜZVLƏRİ HİLLARİ KLİNTONA MÜRACİƏT EDİB

Həbsdə olan gənc bloqçular Adnan Hacızadənin atası Hikmət Hacızadə və Emin Millinin (Abdullayev) həyat yoldaşı Leyla Kərimli ABŞ dövlət katibi Hillari Klintona müraciət ünvanlayıblar.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Adnan Hacızadənin atası Hikmət Hacızadə məlumat verib. Müraciətdə bloggerlərin saxta ittihamlarla həbs olunması və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınması diqqətə çatdırılıb.    “Sizdən Azərbaycana səfəriniz zamanı bu məsələni qaldırmağı və Azərbaycan prezidenti ilə söhbət zamanı bloggerlərin azad edilməsinə çağırmağı xahiş edirik” – deyə bloggerlərin yaxınlarının müraciətində bildirilir.

 

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yeril və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

JURNALİSTLƏR VƏ MÜŞAHİDƏÇİLƏR NÖVBƏTİ DƏFƏ ELMİN BƏDƏLOVUN MƏHKƏMƏ PROSESİNƏ BURAXILMAYIBLAR

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR VƏ AZƏRBAYCAN QHT-LƏRİ AŞPA-YA BƏYANAT TƏQDİM EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.