Bu gün (11 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və bu qəzetin şöbə müdiri Yaşar Ağazadənin məhkumluqlarının üzərlərindən götürülməsi şikayəti üzrə məhkəmə prosesi keçirildi.
Prosesdə Kəbirli və Ağazadə iştirak edib. Onlar prezident tərəfindən əfv olunduqlarını xatırladaraq məhkəmədən üzərlərindən məhkumluğun götürülməsini xahiş ediblər. Lakin yerində müşavirə edən hakim Abdinbəyov verilən şikayəti təmin etməyib.
Hakim prosesdə foto və video çəkilişin aparılmasına icazə verməyib.
Qeyd edək ki, 2007-ci il iyul ayının 11-də Yasamal rayon Məhkəməsinin hakimi Məlahət Abdulmanafovanın sədrliyi ilə keçirilən prosesində Kəbirli və Ağazadə Cinayət Məcəlləsinin 147.2 (xüsusilə ağır cinayətdə ittiham etmə) maddəsi ilə təqsirli bilinərək hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Jurnalistləri prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əlyev məhkəməyə vermişdi.
Hər iki jurnalist prezident İlham Əliyevin 2007-ci il dekabrın 28-də imzaladığı fərmanla əfv edilib. Buna baxmayaraq jurnalistlər barədə məhkumluq haqqında çıxarılmış məhkəmə hökmü ləğv edilməyib.