JURNALİSTLƏR AKSİYADA POLİSİN FİZİKİ TƏZYİQİ İLƏ ÜZLƏŞİBLƏR

Dünən (30 avqust) müstəqil jurnalist Aynur Elgünəş və fotoreportyor Əhməd Muxtar polis təzyiqi ilə üzləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Aynur Elgünəş məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq İtkinləri Anım Günü münasibətilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin qarşısında keçirilən aksiyadan reportaj hazırlayarkən mülki geyimli polisin fiziki təzyiqinə məruz qalıblar.  
“İtkin düşən insanların yaxınlarının keçirdiyi aksiyada mobil telefonla çəkiliş apardığımız zaman mülki geyimli polis telefonu əlimizdən almaq istədi. Həmin şəxsə jurnalist olduğumuzu deməyimizə və jurnalist vəsiqəsi təqdim etməyimizə baxmayaraq, o, Əhməd Muxtara zərbə endirdi, məni isə itələdi ” – deyən A.Elgünəş bildirdi ki, sonradan özünün polis kapitanı olduğunu deyən Elman adlı bu şəxsin təzyiqi ilə bağlı hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini Xanlar Bayramova şifahi məlumat veriblər.
A.Elgünəşlə yanaşı fotoreportyor Əhməd Muxtar da RATİ-yə bildirib ki, polis fiziki təzyiq göstərsə də, ciddi bir xəsarət olmadığına görə, rəsmi olaraq məhkəməyə müraciət etmək fikirləri yoxdur.
Məsələ əlaqədar Nərimanov RPİ-nin rəis müavini Xanlar Bayramov isə RATİ-yə bildirib ki, sözügedən aksiyada heç bir jurnalistə təzyiq olunmayıb və bu barədə də ona heç kim müraciət etməyib. “Mənə aksiyanın sonunda bir xanım yaxınlaşaraq jurnalist olduğunu bildirdi və adımı soruşdu. Mən özümü təqdim etdim, ancaq xanım mənə təzyiqə məruz qalması ilə bağlı müraciət etməyib. Hər hansı bir təzyiq faktı olsaydı, mütləq mənim xəbərim olardı, belə bir hal olmayıb.”

Previous Post

SMDTM-İN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU MÜSABİQƏNİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.