"Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev bildirib ki, əfvin olcağına inanır və ümid edir ki, oğlunun adı da bu siyahıda səslənəcək. E. Fətullayev onu da qeyd etdi ki, "bayram günlərində Eynullanın ailəsinin yanında olmaması bizə pis təsir edir".
"Azadlıq" qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova bizimlə söhbətində vurğulayıb ki, "mən əfvin olacağına inanmıram, çünki, bundan əvvəlki əfv fərmanları arasında Sakitin adının olmaması mənə çox pis təsir edib".
Təkcə onun cəzasının çəkilməmiş hisəsinin bitəcəyini səbrsizliklə gözlədiyini qeyd edən R.Zahidova bayram günündə də həyat yoldaşının ailəsi ilə birgə olmadığından çox narahat olduğunu bildirdi.
"Maddi cəhətdən vəziyyətimiz də ağır olduğundan kommunal xidmətlərə görə borcumuz 500 manatdan artıqdır və böyük qızımın təhsil haqqını ödəyə bilmirəm".
"Azərbaycanın bu hakimiyyəti dövründə o qədər hadisələr olub ki, mən əfvin olacağına inanmıram". Bu sözləri "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun həyat yoldaşı Ayəndə Mürsəliyeva söyləyib. O baş redaktorun həbs edilməsi nəticəsində ən çox mənəvi cəhətdən sarsıldığını vurğuladı. Və qeyd etdi ki, " onun dostlarının sayəsində biz heç bir maddi çətinlik çəkmirik".
"Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirlinin həyat yoldaşı Afidə Kərimova qeyd etdi ki, "əfvin olacağını dəqiq bilmirəm və bu məsələ sual altındadır". Kərimova onu da bildirdi ki, "belə günlərdə ailə başçısının onlarla olmaması həm mənəvi, həm də maddi tərəfdən bizim üçün ağırdır".
"Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin atası Vaqif Ağazadə RATİ-yə bildirib ki, "oğlunun bu bayramları ailə üzvləri ilə bir yerdə keçirməməsi mənəvi cəhətdən bizim ailəyə pis təsir edib". O maddi cəhətdən də müəyyən qədər çətinliyin olduğunu qeyd edib. Jurnalistin atası əfvlə bağlı sualımıza isə cavab verməkdən imtina etdi.
"Nota bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevin həyat yoldaşı Tahirə Allahverdiyevanın sözlərinə görə, "əlbəttə ki, belə bir gündə ailə başçısının olmaması həm mənəvi, həm də maddi çətinlik törədir. Əfvə çox böyük ümidimiz var".
"Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlunun qardaşı Sabir Hüseynov RATİ-nin əməkdaşı ilə söhbətində qeyd edib ki, "Samirin öz ailəsi ilə bir yerdə olmaması ailəmizin bütün üzvlərini sarsıdıb. Belə ki, S.Sədaqətoğlu ailənin əsas dayaqlarından biridir". Əfv məsələsinə gəldikdə isə, o, əfvə böyük ümidlərinin olduğunu söyləyib. Onun sözlərinə görə, jurnalistin ailəsi bu əfvə son ümid kimi baxır. Hüseynov onu da qeyd edib ki, "dekabrın 20-də S.Sədaqətoğlu ilə görüşmüşük və o da əfvin olacağına ümidlidir".
"Sənət qəzeti"nin əməkdaşı Rafiq Tağının həyat yoldaşı Mayilə Tağıyeva vurğulayıb ki, "mənəvi cəhətdən nə qədər çətinlik çəkiriksə, maddi cəhətdən də bir o qədər çətinliyimiz var. Ailə başçısı həbsdədir. Kommunal borclar çoxalıb. Qızımızın ayaqlarında ağrılar var. Oğlum bu ilin məzunudur. Onun hazırlaşmasına imkanım çatmır. Əfvə bağlı suala isə dəqiq cavab verə bilməyəcəyini qeyd edən M.Tağıyeva hər bir halda əfvə ümid etdiyini gizlətməyib.
"M.Hüseynovun bir ailə başçısı kimi öz ailəsinin yanında olması daha yaxşı olardı". Bunu bizimlə söhbətində "Bizim Yol" qəzetinin əməkdaşı Müşviq Hüseynovun qardaşı Sərvər Hüseynov bildirib. Əfv fərmanı ilə bağlı sualımıza cavabında o əfv olunanlar arasında Müşviq Hüseynovun adının olacağına ümid etdiyini vurğulayıb.