JURNALİSTLƏRİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

noyabr 2nd, 2010
Noyabrın 2-də  Bakı Apellyasiya  Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə bir qrup jurnalist –  Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Ədilovun Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə qarşı Səbail rayon Məhkəməsinin çıxardığı qərardan verdikləri  apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçılardan Elçin Həsənov, cavabdeh tərəfdən isə Rüfət Ələkbərov iştirak ediblər.

Prosesin əvvəlində ötən prosesdə jurnalistlərin polis təzyiqinə məruz qalması ilə bağlı sübut kimi məhkəməyə təqdim edilmiş  diskə baxıldı.

Bundan sonra E. Həsənov bildirdi ki, kadrlarda göründüyü kimi ona zərbə endirənin  polis nəfəri olmasını bilsə də, kimliyini dəqiqləşdirə bilməyib.

Cavabdehin nümayəndəsi Rüfət Ələkbərov jurnalistlərə fiziki təzyiq edən polis nəfərlərinin Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları olmadığını bildirdi.

Müşavirədən sonra hakim N. Abbasov iddianın təmin edilmədiyi barədə qərarı elan etdi.

Elçin Həsənov prosesdən sonra bildirib ki,  qərarından kassasiya şikayəti veriləcək.

Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu il tarixində  Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu Polis Bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.  Jurnalistlər  polisin hərəkətinin qanunsuz  hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər. Səbail rayon Məhkəməsi 2 aprel 2010-cu il tarixində iddianın təmin edilməməyi ilə bağlı qərarından sonra jurnalistlər apellyasiya şikayəti veriblər.