“Mətbuatın azadlığı günü-gündən daralmaqdadır. Amma nəhəng neft gəlirlərinin Azərbaycana axdığı bir vaxtda ölkəyə azad mətbuat lazımdır”, – deyə o bildirdi.
Mətbuatın azad olması ilə bağlı çağırışlara qoşulan ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero da mətbuat azadlığı ilə bağlı fikirlərini bölüşdü: ”Mətbuat azadlığı fikirin azad ifadə edilmə formasıdır. Fikir azadlığı bizim ümdə hüququmuzdur”, – deyə o vurğuladı.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Bruno Pueza BMT-nin baş katibi Pan Gi Munun Mətbuat azadlığı ilə bağlı bəyanatından sitat gətirdi: “azad, təhlükəsiz və müstəqil mətbuat sülh və demokratiyanın təməllərindən biridir. Mətbuat azadlığına olan hücum beynəlxalq bəşəriyyətə, azadlığa və ümumiyyətlə BMT-nin təcəssüm etdiyi bütün dəyərlərə qarşı hücumdur”.
Daha sonra tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də çıxış edərək jurnalistikanın problemləri ilə bağlı fikirlərini söylədilər.
Sonda isə “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov “Jurnalistikada cəsarət” nominasiyası, “Azercell” Telekom şirkəti “Jurnalistikanın inkişafına dəstək” nominasiyası, “Azadlıq” radiosunun kollektivi “İctimai dialoqa xidmət” nominasiyası və “Exo” qəzetinin əməkdaşı Dilbər Axundzadə “Jurnalistikaya sədaqət” nominasiyası üzrə mükafatlandırıldılar.