“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI YENİ İDDİA QALDIRILIB

Bu gün (25 iyul) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Qabil Məmmədovun “Gündəlik Bakı” qəzetinə, qəzetin baş redaktoru Habil Vəliyevə, qəzetin əməkdaşları Kamran Məhərrəmli və Ülvin Məhəmmədoğluna və qəzetə şikayət məktubu təqdim etmiş Urşad Əhmədova qarşı qaldırılan iddia əsasında məhkəməyə hazırlıq iclası keçirilib.

Prosesdə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev çıxış edərək, iddiaya səbəb olan “Balıqlar Qabilin əlindən düşür” başlıqlı yazının (qəzetin 04 iyul 2008-ci il tarixli sayında dərc edilib) redaksiyaya oxucu tərəfindən təqdim olunan məktub əsasında yazıldığını bildirdi.
“KİV haqqında qanuna və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu halda qəzet heç bir cavabdehlik daşımır və biz qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”, – deyə əlavə edən Vəliyev baş redaktoru olduğu qəzetin və qəzet əməkdaşlarının cavabdehlər kimi tanınmaması barədə vəsatət qaldırdı.  
Hakim bu vəsatəti təmin etmədi və cavabdeh qismində həm qəzet nümayəndələrinin, həm də yazı müəllifinin məhkəmədə iştirak etməli olduğunu qeyd etdi.
          Bundan sonra proses avqustun 12-i saat 10.30-a təyin edildi.
    Qeyd edək ki, Su Hövzələrində Biolji Resursların Artırılması və Mühafizəsi Departamentinin (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində) rəis müavini Qabil Məmmədov məqalədə yazılanları şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək məhkəməyə müraciət edib. Məmmədov qəzet və yazı müəlifindən birlikdə 150 000 AZN təzminatın tutulmasını istəyib.
    Qəzetin şef-redaktoru Ədil Hüseynlinin RATİ-yə verdiyi məlumata görə, məqalədə təqdim edilən məktub əsasında Naftalanda baş verən qanunsuzluqlar barədə yazılıb.

Previous Post

“XƏZƏR” TV-YƏ QARŞI İDDİA TƏMİN OLUNDU

Next Post

JURNALİSTLƏRİN DAHA BİR ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.