JURNALİSTLƏR ACLIQ AKSİYASINI DAYANDIRDILAR

Noyabrın 11-də Ali Məhkəmənin Plenumunda jurnalist Eynulla Fətullayevin işinə baxılacaq. Bununla əlaqədar olaraq jurnalist Avropa İnsan Hüquqları Məhkəməsinin onun həbsdən azad edilməsi barədə qərarının icra edilməməsinə etiraz əlaməti olaraq keçirdiyi aclıq aksiyasını bu gündən dayandırıb.

Bu barədə jurnalist  vəkili Elçin Sadıqovun vasitəsilə ictimaiyyətə məktub yazaraq bildirib. Fətullayev ona dəstək verən jurnalist həmkarlarına da aclığı dayandırmağa çağıran məktub yollayıb.

            Nəticədə Müsavat Partiyasının qərargahında aksiya keçirən bir qrup jurnalist də oktyabrın 29-dan aclıq aksiyasını dayandırıblar.

            Məktubu jurnalist Şahvələd Çobanoğlu oxuyub Musavat qərargahına gələrək Eynulla Fətullayevin məktubunu Eynulla Fətullayevə həmrəy olaraq aclıq aksiyası keçirən jurnalist həmkarlarına oxuyub.  Bu məktubdan sonra jurnalistə dəstək olaraq aclıq aksiyası keçirən həmkarları saat 17.00- dan etibarən aclıq aksiyasını dayandırıblar.

Eynulla Fətullayev oktyabrın 19-dan saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq edirdi. Aksiyanın tələbi Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. Həmin qərara görə, Eynulla Fətullayev azadlığa buraxılmalı və ona 27 822 avro təzminat ödənməlidir. Digər jurnalistlər bir-birini əvəzləməklə aksiyaya dəstək verirlər.

            Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

 

Previous Post

POLİS YOL QƏZASINDA YARALANMIŞ JURNALİSTİN İFADƏSİNİ ALIB

Next Post

SƏDƏRƏKDƏ JURNALİSTİN SEÇKİ MƏNDƏQƏLƏRİNƏ DAXİL OLMAĞINA QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.