2010-CU İLİN İLK 6 AYI ƏRZİNDƏ APARILAN TELEVİZİYA MONİTORİNQİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Bu gün (29 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “RATİ və Media Hüququ İnstitutu (MHİ) tərəfindən həyata keçirilən “Azad Dalğalar” layihəsi çərçivəsindəki fəaliyyətlə bağlı tədbir keçirilib.

 RATİ sədri Emin Hüseynov layihə barədə tədbir iştirakçılarına məlumat verdi. “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 2009-cu ilin may ayından etibarən Azərbaycanda yayımlanan 8 ümumrespublika telekanalının (AzTV, İctimai Televiziya, İdman-Azərbaycan, ATV, ANS, Lider, Space, Xəzər) monitorinqini aparır. Metodologiya da daxil olmaqla monitorinq barədə ətraflı məlumat almaq üçün www.tv-radio.az veb-səhifəsinə müraciət edə bilərsiniz. Göstərilən veb-səhifənin “Monitorinq hesabatları” bölməsində isə monitorinq başlandığı dövrdən hər ayın hesabatları ilə tanış ola bilərsiniz. Hazırkı hesabat 2010-cu ilin ilk 6 ayı ərzində monitorinq nəticəsində əldə edilmiş nəticələrin xülasəsidir” – deyən Emin Hüseynov əlavə etdi ki, tədbirdə həmçinin MHİ-nin teleradio yayımı sahəsinin tənzimlənməsi üzrə hazırladığı qanun layihəsi təqdim olunacaq.

 

Daha sonra çıxış edən layihənin koordinatoru Rəsul Cəfərov hesabatla bağlı məlumat verdi. O, bildirdi ki, aparılmış monitorinqin nəticələrinə əsasən neqativ tendensiyalar müşahidə olunmuşdur.

 

    “Dövlət büdcəsindən maliyyələşən və ya özəl şirkət olmasından asılı olmayaraq monitorinqi aparılmış  telekanallarda eyni neqativ tendensiyaları müşahidə etmək mümkündür. Bu da ilk növbədə həmin telekanalların bir istiqamətdən – hakimiyyət tərəfindən idarə edildiyini yaxud telekanalların  təzyiq altında saxlanıldığını göstərir.

 

    Telekanallar siyasi fiqurların işıqlandırılması baxımından birmənalı olaraq hakimiyyət rəsmilərinin üstünlüyü müşahidə olunur. Bu özünü onlara geniş vaxtın ayrılmasında, həm də işıqlandırmanın əsasən pozitiv olmasında göstərir. Xüsusilə, hazırkı Prezident, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İ. Əliyev geniş və olduqca pozitiv tərzdə işıqlandırılır. Vergi ödəyicilərinin hesabına maliyyələşən AzTV başda olmaqla telekanallar İ. Əliyevin təbliğatçıları kimi çıxış edirlər” – deyən Rəsul Cəfərov əlavə etdi ki, ikinci tendensiya Hazırkı Prezidentlə yanaşı, 2003-cü ildə vəfat etmiş keçmiş Prezident Heydər Əliyevin də geniş və pozitiv tərzdə işıqlandırılması faktı telekanallarda şəxsiyyətə pərəstiş yaratmaq tendensiyasının göstəricisidir: “6 ay ərzində müxtəlif günlərdə qeyd edilən bayramlarda (yanvarın ilk günlərində Yeni İlin gəlişi ilə əlaqədar, 8 mart, 20-21 mart Novruz Bayramı, 9 may Faşizm üzərində qələbə Günü, 28 may Respublika Günü, 15 iyun Dirçəliş və 26 iyun Silahlı Qüvvələr Günü), eyni zamanda mayın 10-da doğum günündə H. Əliyevin şəkli bütün telekanallar tərəfindən gün ərzində ekranın sol və sağ hissələrinə yerləşdirilməklə nümayiş etdirilib. Bundan əlavə mayın 10-da telekanallar Əliyevə həsr edilmiş müxtəlif sənədli filmlər nümayiş etdiriblər.”

 

    Cəfərov vurğuladı ki, qeyd edilən tendensiyaların tərkib hissəsi kimi telekanallarda hakimiyyət nümayəndələrinin tənqidinə yol verilməməsi çıxış edir. “Heç bir telekanalda hakimiyyətin yuxarı eşelonunda təmsil olunan və dövlətin idarə edilməsində birbaşa iştirak edən şəxslərin tənqidinə rast gəlinməyib. Müəyyən tənqidi elementlər özəl telekanallar olan ANS və ATV-nin efirində müşahidə edilib ki, bu da epizodik xarakterli olmuşdur. Başqa sözlə desək, tənqidə yalnız eyni subyektlər (əsasən icra hakimiyyətləri və yeri icra nümayəndələri) üzrə yol verilir və ya ümumiyyətlə kimin tənqid olunduğu bilinmir”.

 

    Layihə koordinatoru əlavə etdi ki, daha bir tendensiya ondan ibarətdir ki, müxalifətdən olan və müstəqil siyasilərə efir vaxtı ayrılmır. “Başqa sözlə desək, dövlətin və cəmiyyətin idarə edilməsi, siyasi, iqtisadi, sosial və s. məsələlərə hakimiyyətin nümayiş etdirdiyi siyasətə alternativ siyasət təqdim etmək istəyən şəxslərə öz fikirlərini ifadə etmək imkanı verilmir. Bəzi telekanalların (İTV, ANS, ATV) verilişlərində belə şəxslərin işıqlandırılmasına rast gəlinsə də, bu ya epizodik xarakter daşıyır, ya da bu şəxslərin böyük ictimai əhəmiyyət kəsb etməyən məsələlər barəsində fikirləri efirə verilir.  Müxalif və müstəqil siyasilərin dəvət edildiyi tok-şouların mövzuları bir qayda olaraq, ölkənin idarə edilməsinə, daxili sosial və iqtisadi problemlərə, korrupsiya hallarına, müxtəlif qanunvericilik təşəbbüslərinə deyil, beynəlxalq və geo-siyasi məsələlərə həsr edilir “ – deyən R.Cəfərov qeyd etdi ki,  digər ümumiləşmiş tendensiyalara aşağıdakıları aid etmək olar: müzakirə (debat) xarakterli verilişlər yox səviyyəsindədir, sosial reklamlar geniş yayılmayıb, xəbərlər də daxil olmaqla bir sıra verilişlərdə texniki səhvlərə yol verilir və buna görə üzr istənilmir, Azərbaycan dilində olan xəbərlər buraxılışında rus dilində hazırlanmış materiallar yayımlanmaqdadır.

 

    Daha sonra çıxış edən MHİ-nin rəhbəri Rəşid Hacılı bildirdi ki, Milli Televiziya və Radio Şurası tamamilə hakimiyyətdən asılı olan qurum olduğundan, bu teleradio yayımı sahəsində problemlərə gətirib çıxarır. Bu səbəbdən də “Yayım sahəsində düzənləyici qurum, onun müstəqilliyi, təşkili, səlahiyyətləri və maliyyələşməsi” adlı qanun layihəsi hazırladıqlarını deyən MHİ rəhbəri bildirdi ki, qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq. “Təklif və dəyişikliklərdən sonra qanun layihəsini Milli Məclisə təqdim edəcəyik” – deyə Hacılı qeyd etdi.    

 

 

Previous Post

AZƏRBAYCANLA TÜRKİYƏ ÜÇÜNCÜ ÖLKƏLƏRƏ BİRGƏ İNVESTİSİYA QOYULMASI BARƏDƏ RAZILIĞA GƏLİBLƏR

Next Post

JURNALİSTLƏR FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.