Mübahisələndirilən seçki sonrası jurnalistlər yaranmış yeni təzyiq dalğasının qurbanı olublar

October 14th, 2013

 “Jurnalistlərə qarşı baş vermiş son zorakı hücum faktları tənqidi səslərə qarşı yeni təzyiq dalğasının göstəricisidir və bu hökumət tərəfindən tam qərəzsiz şəkildə araşdırılmalıdır”, -deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bu gün bildirib. Bu zorakılıq müxalifətin seçki saxtakarlığı iddiası ilə İlham Əliyevin 3-cü müddətə prezident seçilməsini boykot etməsi nəticəsində yaranmış siyasi gərginliyin fonunda baş verib.

  Müxalifətin seçkilərdə iddia etdikləri səs oğurlanmasına qarşı 12 oktyabrda  keçirdikləri mitinqin çəkilişi zamanı ən azı 7  media nümayəndəsi və xalq jurnalisti fiziki təzyiqə məruz qalıb, döyülüb və yaxud polis tərəfindən saxlanılıb.

  RATİ bu zorakılığa görə məsuliyyəti Azərbaycanın hakim rejimi üzərinə qoyaraq onu xəbərlərin işıqlandırılmasının qarşısını almaqda ittiham edir.

   “Bu hücumlar prezident seçkisinin hökumətə xoş olmayan obyektiv işıqlandırılmasının qarşılığında atılmış bir qisas addımı idi. Hökumət nəinki təhlükəsizlik və xüsusi xidmət əməkdaşları tərəfindən törədilmiş qanun pozuntularının qarşısını almış, əksinə onların və onların köməkçilərinin qanunsuz əməllərinə bəraət qazandırmaqla polislərin mediaya təzyiqlərinin davam etməsinə şərait yaradıb”, -deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

 12 oktyabr sanksiyalaşdırılmış mitinq zamanı ən azı 3 müstəqil media qurumu öz əməkdaşlarının fiziki hücuma məruz qaldığını bildirib. 5 halda jurnalistlər məcburi olaraq mitinq ərazisindən uzaqlaşdırılıb, onların avadanlığı sındırılıb və müsadirə edilib.

Haftaichi.az  saytının müxbiri Tural Qurbanlı və jurnalist Emil Nihil polisin təzyiqinə məruz qalıb. Polis jurnalist Emil Nihilə ağır xəsarət yetirib. Jurnalist Respublika Klinik Xəstəxanasına aparılıb və onun alt çənəsinə tikiş vurulub.

Çevik Polis əməkdaşları Azadxeber.net internet qəzetinin jurnalisti Pərvin Zeynalı qollarını buraraq avtobusa tərəf aparıblar və əlində olan fotoaparatı alıblar. Polislər onu təxminən 300 metr başı aşağı apararaq avtobusa mindiriblər. Jurnalist hava çatışmamazlığı nəticəsində huşunu itirib. Polislər jurnalistə ilkin tibbi yardım göstərdikdən sonra jurnalisti Yasamal Rayon Polis İdarəsinə aparıblar və üzərində olan mobil telefon və kameranı müsadirə ediblər. Sorğu-sualdan sonra jurnalist sərbəst buraxılsa da, müsadirə edilən fotoaparat ona qaytarılmayıb.

Dinc nümayişçilərə qarşı polis zorakılığını lentə alan obyektiv.tv-nin əməkdaşı Rasim Əliyevə məxsus 7000 dollar dəyərində olan peşəkar video kamera polislər tərəfindən qəsdən sındırılıb.

  Hadisə yerində öz fotoaparatı ilə çəkiliş aparan Britaniya vətəndaşı  Kevin Paul McKerry  polis tərəfindən döyülüb.

  RATİ bu cür halların Azərbaycanda tez-tez baş verdiyini qeyd edir. Öz hesabatlarında təşkilat son illərdə jurnalistlərə və media işçilərinə qarşı yüzlərlə zorakı hücum faktını qeydə almış və bu hücumlarda hökuməti ittiham etmişdir.

  RATİ bildirir ki, ATƏT-in müşahidə missiyası prezident seçkilərinin ATƏT-in standartlarına uyğun keçirilmədiyini bildirdiyi, Avropa Birliyi, ABŞ dövlət departamentinin , Britaniya hökumətinin bunu dəstəklədiyi bir vaxtda  polislərin dinc aksiyada  vətəndaşları vəhşicəsinə döyməsi, jurnalistlərə də fiziki təzyiq göstərməsi Azərbaycanın beynəlxalq imicinin daha da zəifləməsinə gətirib çıxaracaq.

RATİ bəyan edir ki,  2013-cü ilin əvvəlindən başlayaraq hökumət jurnalistlərə qarşı davamlı təzyiqlər edir. Təşkilat jurnalistlərə təzyiq və onların döyülməsi faktının tam şəkildə araşdırılmasını, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını və jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görülməsini Azərbaycan hökumətindən tələb edir.

  RATİ hesab edir ki, hər hansısa ictimai siyasi hadisə barədə  reportaj hazırlayan jurnalistlərin  fəaliyyətinə fiziki güc tətbiq edərək mane olmaq yerli və beynəlxalq qanunvericiliyinin kobud pozuntusudur. Medianın fəaliyyətinə müdaxilə Azərbaycan Konstitusiyasının 50-ci maddəsi (informasiya azadlığı) və Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) ilə zəmanət verilən informasiya əldə etmək hüququnun pozulmasıdır. Jurnalistin peşə fəaliyyətinə mane olmaq eyni zamanda Cinayət Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq cinayət məsuliyyəti yaradır.

 RATİ Azərbaycan hakimiyyətini öz vəzifə səlahiyyətlərindən istifadə edərək jurnalistlərə zor tətbiq edən polisləri cəzalandırmağa və gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almağa çağırır.

  RATİ eyni zamanda Avropa Şurası və ATƏT üz tutaraq Azərbaycan hakimiyyətdən ifadə azadlığı  sahəsində  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün zəruri addımlar atmağa çağırır.