Azərbaycanda prezident seçkiləri ifadə azadlığının geniş miqyaslı pozuntusu ilə müşayiət olunub

October 11th, 2013

Azərbaycan hökuməti vətəndaşların öz fikirlərini sərbəst ifadə etmək və seçki zamanı sərbəst seçim etmək hüququnu təmin etməlidir,-deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bu gün bildirib. Azərbaycan vətəndaşlarının prezident seçkilərində iştirak etdiyi bu həftə ərzində baş vermiş sosial medianın fəaliyyətini pozmaq, məzmunun filtrasiyası, teleradio yayımı qanunun pozulması və bəzi hallarda jurnalistlərin fəaliyyətinə müdaxilə cəhdləri hakim rejimin seçki saxtakarlığı iddialarını və tənqidi fikirləri boğmaq istəyinin göstəricisidir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə oktyabrın 9-da keçirilmiş prezident seçkiləri səslərin 84.55 faizini toplamış  İlham Əliyevin böyük fərqli qələbəsi ilə nəticələnib. Çərşənbə günü baş tutmuş seçkilərə aparan proses geniş miqyaslı pozuntularla və müxalifət namizədlərinin bərabər şəraitdə rəqabətinə imkan verməyən sərt nəzarət tədbirləri ilə yadda qalıb. Belə ki, RATİ-nin həyata keçirdiyi media monitorinqin nəticələrinə görə müxalifət dövlətin manipulyasiyasına məruz qalmış kütləvi informasiya vasitələrindən kənarda saxlanılmış jurnalistlər polis tərəfindən planlaşdırılan  fiziki hücumların hədəfinə çevrilmiş və dövlətin inzibati resursları kütləvi şəkildə hazırkı prezident İlham Əliyevin təbliğatına sərf edilmişdir.

“9 oktyabr seçkiləri medianın, internetin, mobil internetin dolayı senzurası və ifadə və sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdıran hədə-qorxu mühitinin fonunda keçirilib. Bütün ilboyu, xüsusilə də seçkiqabağı təbliğat dövründə  hökumət özünün ən sərt tənqidçilərini mediadan və siyasi səhnədən kənarda saxlamağa çalışıb”,-deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

Seçki gününə qədər Azərbaycanda ifadə azadlığı ilə bağlı olaraq doqquz jurnalist, iki blogger və iki hüquq müdafiəçisi həbsdə qalıb. Cəzasızlıq mühiti hökm sürüb, jurnalistlərə qarşı 30-dan artıq yeni hücum faktı qeydə alınıb və əvvəllər baş vermiş yüzlərlə hücum və iki qətl faktının istintaqında heç bir irəliləyiş baş verməyib. Üstəlik, Azərbaycanın 2012-ci ildə bəyan etdiyi diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması öhdəliyini yerinə yetirmək əvəzinə, iyunun 4-də prezident Əliyev Cinayət Məcəlləsinə internetdə diffamasiyaya görə cinayət məsuliyyəti yaradan dəyişiklikləri imzaladı.

RATİ ənənəvi mediada siyasi plüralizmin olmamasını təəssüflə qeyd edərək yerli və beynəlxalq standartların aşağıdakı mühüm pozuntularından xüsusi narahatlığını bildirir:

  • 9 oktyabr prezident seçkiləri barədə Mərkəzi Seçki Komissiyası  ilkin nəticələrini açıqladıqdan sonra bir saat belə keçməmiş  hazırkı prezidentin Azərbaycan xalqına müraciətinin efirdə verilməsi, lakin ikinci namizəd Cəmil Həsənlinin fikrinin efirdə yayımlanmaması Televiziya və Radio Yayımı haqqında qanunun[1]  pozuntusudur.
  • Azərbaycanın ictimai yayımçısı İctimai Televiziyanın beynəlxalq standartlarda nəzərdə tutulmuş ictimai yayımçı funksiyalarını davamlı şəkildə yerinə yetirməməsi, “İctimai Televiziya və Radio Yayımı Haqqında” Qanunun  7-ci maddəsində (ictimai yayımçının vəzifələri) nəzərdə tutulmuş mandatına zidd olaraq İctimai Televiziya müstəqil Azərbaycan qeyri-hökumət təşkilatları olan “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” və “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin seçkilərlə bağlı keçirdiyi mətbuat konfranslarını qəsdən işıqlandırmayıb. Təşkilat bildirir ki, İctimai Televiziya Avropa Yayım Birliyinə üzv olaraq malik olduğu “əhalinin bütün təbəqələri üçün müxtəlif və balanslaşdırılmış proqramlar təmin etmək” və digər öhdəlikləri və eyni zamanda İctimai Televiziya və Radio Yayımı haqqında qanunda nəzərdə tutulmuş prinsipləri (Bax 3-cü maddəyə) yerinə yetirməyərək dövlət televiziyasından fərqlənmədiyini, ictimaiyyətin yox hakimiyyətin maraqlarına, xüsusilə də hazırkı hakimiyyətin təbliğatına xidmət etdiyini göstərir.
  • Hazırkı prezident İlham Əliyevin Azərbaycan mediasına qapalılığı və onun teledebatlarda iştirak etməməsi təkcə seçki prosesinə deyil, ümumilikdə ictimai müzakirənin səviyyəsinə mənfi təsir göstərib.
  • Media etikasına və qanunvericiliyə zidd olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərinin nəticələri ilə  bağlı keçirdiyi mətbuat konfransı barədə xəbər AZTV, İTV, Space, Lider və ANS  televiziyasının təhrif olunmuş şəkildə verilib.
  • Cəmil Həsənlinin keçirdiyi seçki-sonrası mətbuat konfransının İctimai TV daxil olmaqla heç bir televiziya tərəfindən yayımlanmaması. RATİ bəyan edir ki, televiziyaların bu cür fəaliyyəti Televiziya və Radio Yayımı haqqında qanunvericiliyin 3-cü (Teleradio fəaliyyətinin əsas prinsipləri) və 40-cı (yayımçıların hüquq və vəzifələri) maddələrinin pozuntusudur.

Müstəqil yayım və seçkinin işıqlandırılması standartlarının pozulmasına zidd olaraq, RATİ seçki ərəfəsində və seçki günündə fundamental ifadə azadlığının aşağıdakı pozulma hallarının baş verdiyini qeyd edir:

Seçkidən dörd gün əvvəl, oktyabrın 6-da jurnalist Mehman Hüseynovun 75 mindən artıq izləyicisi olan Facebook profili güman ki hökumət meylli sosial media fəalları tərəfindən yaradılmış saxta profillərdən göndərilmiş saxta “pozuntu barədə şikayət”lər nəticəsində bağlanmış, lakin RATİ və Facebook-un hər ikisinin qlobal İKT koalisiyası olan “Qlobal Şəbəkə Təşəbbüsü”nə üzv olması sayəsində problem tezliklə aradan qaldırımışdır.  Lakin seçki günündə prezident seçkisi ilə bağlı yaradılmış populyar Facebook səhifəsində “Kimə səs verdiniz?” adlı onlayn sorğu keçirildiyi zaman da sorğunun gedişini pozmaq məqsədi ilə də eyni taktikadan istifadə olunmuşdur.

Seçki günündə RATİ Bakıda, Gəncədə, Qazaxda, Qubada, Lənkəranda, Masallıda, Şəmkirdə, Sumqayıtda və Yevlaxda seçki prosesini işıqlandıran jurnalistlərə qarşı düşmən münasibətin nümayiş etdirildiyini müşahidə edib. RATİ əməkdaşları və müstəqil jurnalistlər müxtəlif təhdidlərə məruz qalıb. Məsələn, təhlükəsizlik əməkdaşları və seçki komissiyasının üzvləri müxtəlif əsassız bəhanələrlə jurnalistlərin seçki məntəqələrinə girişinin qarşısını almış və ya onlardan məntəqələri tərk etməyi tələb etmişdirlər. Bir çox hallarda jurnalistlərə səslərin sayılması prosesini çəkmək qadağan olunub.

Eyni zamanda əvvəllər Azərbaycan hökumətinə qarşı tənqidi mövqe nümayiş etdirmiş jurnalistlərin seçkini işıqlandırmaq üçün Azərbaycana gəlməsinə imkan verilməyib.

Onlardan bəzilərinə seçki məntəqələrində çəkiliş aparmaq qadağan edilib. BMT, Avropa Şurası və ATƏT-ə üzvlüyü çərçivəsində əsas beynəlxalq və regional insan hüquqları müqavilələrinə qoşulmaqla Azərbaycan öz üzərinə ifadə və informasiya azadlıqlarını qorumaq öhdəliyi götürüb. RATİ təəssüflə bildirir ki, seçki qabağı dövrdə bu hüquqların heç biri təmin olunmayıb və bu hüquqların məhdudlaşdırılması bütün namizədlərə bərabər rəqabət şəraitinin yaradılmasına imkan verməyib.

RATİ hökuməti sərbəst toplaşmaq, birləşmək və söz azadlığına hörmət etməyə çağırır. Təşkilat Azərbaycan hökumətindən söz azadlığının və informasiyanın sərbəst axınının təmin olunmasını, və ifadə azadlığını həyata keçirdiklərinə görə həbs olunmuş şəxslərin azad olunmasını tələb edir. RATİ Azərbaycan hökumətini:

  • Gələcəkdə seçkilərin, habelə digər beynəlxalq və yerli tədbirlərin işıqlandırılması üçün yerli və xarici jurnalistlərin ölkəyə gəlməsinə və onların ölkədə sərbəst hərəkətinə şərait yaradılmasına
  • Medianın bütün namizədlərə sərbəst və müstəqil çatımını, həmçinin bütün namizədlərin mediaya bərabər çatımını təmin etməyə
  • Seçkidən əvvəl və sonra bütün kommunikasiya vasitələrində, xüsusilə də internetdə informasiyanın sərbəst axınına şərait yaradılmasına
  • Azərbaycanın ictimai yayımçısı olan İctimai TV-nin beynəlxalq ictimai yayımın standartlarına əməl edərək, əhalinin bütün təbəqələri üçün balanslaşdırılmış və müxtəlif proqramlar yayımlamasını təmin etməyə
  • Bütün media vasitələrinin, xüsusilə də milli yayım mediasının öz fəaliyyətlərində müstəqil və tərəfsiz olmasını təmin etmək üçün mediaya sahiblik strukturlarında şəffaflıq yaratmağa çağırır.

Biz həmçinin Avropa Şurası, ATƏT və BMT-yə üzv dövlətlərin liderlərini Azərbaycanın bu təşkilatların məsul üzvü olaraq onların prinsiplərinə, həmçinin informasiyaya çatımlılığı, insanların bilmək hüququnu, demokratik dəyərləri və insan haqlarını təşviq edən digər beynəlxalq sənədlərə sadiqliyini təmin etməyə çağırırıq.

RATİ Avropa İttifaqını daha çox siyasi və iqtisadi inteqrasiyanın qarşılığında Azərbaycan üçün konkret standartlar tətbiq etməyə çağırır. Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyədə münasibətlər üçün müəyyən olunmuş hər hansı bir hüquqi çərçivəyə güclü insan hüquqları komponenti də daxil edilməlidir.



[1] Maddə 3. Teleradio fəaliyyətinin əsas prinsipləri

Yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanır.

(20 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddədə “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilmişdir.)