SƏDƏRƏKDƏ TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏR PROKURORLUĞA MÜRACİƏT ETDİLƏR

Bu gün (19 yanvar) RATİ-nin Naxçıvan üzrə bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov, “Turan” İnformasiya Agentliyinin və “Azad Avropa və Azadlıq” radiosunun müxbiri Məlahət Nəsibova, 16 yanvar 2009-ci il tarixdə Sədərək rayonunun Heydərabad qəsəbəsində təzyiqə məruz qalmaları faktı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna, Naxçıvan Muxtar Respublikası Prokuroruna və Sədərək rayon Prokuroruna şikayət ərizəsi ilə müraciət ediblər.

Ərizədə 16 yanvar 2009-ci il tarixdə Sədərək rayonunun Heydərabad Qəsəbəsində Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Qasımov, rayon təhsil şöbəsinin müdiri Oruc Həbibov, Heydərabad qəsəbə orta məktəbinin direktoru Nadir Quliyev, qəsəbə sakini Tağıyev Zakir Hüseyn oğlu tərəfindən jurnalist fəaliyyətini yerinə yetirmələrinə imkan verilməməyi, zorakılığa məruz qalmaları ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci, “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun  8-ci, “İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsinə əsasən cinayət işi açılması, adları çəkilən şəxslərin istintaqa cəlb edilməsi, obyektiv araşdırmanın aparılması xahiş olunub.
Xatırladaq ki, 16 yanvar 2009-cu il tarixdə jurnalistlər Sədərək rayonun Heydərabad qəsəbəsində polisdən şikayət etdikləri üçün təzyiqlə üzləşən sakinlərlə bağlı araşdırma apararkən hücuma məruz qalıblar. Onlar Xanımzər Hüseynova və Elvin Həsənovun evlərində olub-olmadıqlarını  yoxlamaq üçün evin həyətinə daxil olublar. Evin qapısı  bağlı olub. Həmin vaxt 20-25 nəfərdən ibarət bir qrup insan  həyətə daxil olub və müxbirlərə təzyiq etməyə başlayıblar, müxbirlərə peşə fəaliyyətlərini yerinə yetirməyə imkan verilməyib. Onlar mənəvi-psixoloji təzyiqlərə məruz qalıblar. RATİ-nin Naxçıvan bölgə müxbiri H.Mehdiyevə qarşı isə fiziki güc tətbiq olunub.
Previous Post

POLİS ÖZBAŞINALIĞINDAN ŞİKAYƏT EDƏN VƏLİYEVLƏR SƏRBƏST BURAXILIB

Next Post

FƏTULLAYEVİN İŞİ İLƏ BAĞLI HÖKUMƏTİN CAVABI YANVARIN SONUNA QƏDƏR AVROPA MƏHKƏMƏSİNƏ TƏQDİM EDİLMƏLİDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.