SƏDƏRƏKDƏ JURNALİSTLƏR HÜCUMA MƏRUZ QALIB

Bu gün (16 yanvar) RATİ-nin Naxçıvan üzrə bölgə müxbirləri Həkimeldostu Mehdiyev, Elman Abbasov və Mehman  Mehdiyev , “Azadlıq” radiosunun və “Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibova son günlər Sədərəkdə baş verən hadisələri yerindəcə araşdırmaq üşün Sədərək rayon Heydərabad qəsəbəsində olublar.

Sədərək rayonuna 3 kilometr qalmış onları Sədərək rayon Polis Şöbəsinin rəisi Fariz Məmmədovun xidməti maşını qarşılayıb və digər “Mersedes” markalı avtomobil jurnalistləri təqib etməyə başlayıb. Jurnalistlər  Xanımzər Hüseynova və Elvin Həsənovun evlərində olub-olmadıqlarını  yoxlamaq üçün evin həyətinə daxil olublar. Evin qapısı  bağlı olub. Həmin vaxt 20-25 nəfərdən ibarət bir qrup insan  həyətə daxil olub və müxbirlərə təziq etməyə başlayıblar.
H.Mehdiyevin verdiyi məlumata görə,  onları “müşayət” edən Sədərək rayonunun Polis Şöbəsinin rəisi Fariz Məmmədov qarışıqlıq düşən kimi hadisə yerini tərk edib: “Bundan sonra çəkiliş aparmaq istəyərkən icra başçısının müavini Əşrəf Qasımov, Təhsil şöbəsinin müdiri Oruc Həbibov, məktəb direktoru Nadir Quliyev,  “Sosial Müdafiə Fondu”nun bəzi əməkdaşları, icra hakimiyyətinin işçiləri və bəzi taksi sürücüləri bizə hücum edərək çəkiliş aparmağa icazə vermədilər. Onlar bizi “düşmən” adlandırdılar. Üzərimizdə “press” yazılmış gödəkcələr olmasına baxmayaraq, bizi təhqir etdilər”.
 “Siz kimdən icazə alıb buraya gəlmisiniz. Ermənilər sizi bura göndərib. Ermənisiniz. Siz ailəni dağıtdınız. Buraya təxribat törətməyə gəlmisiniz. 92-ci ildən bu yana burada əminəmanlıqdır. Təcili buranı tərk edin. Yoxsa sədərəklilər indi gəlib sizi daş qalaq edəcək. Heç kim xəstəxanaya yatırılmayıb. Çıxın gedin burdan. Heç sizin haqqınız yoxdur ki, bu xalqın adından danışasınız .Çıxın-çıxın!”, – deyə hay-küy salan həmin insanlar jurnalistlərdən təcili Sədərək rayonunu  tərk etməyi tələb ediblər. Vəziyətin gərgin olduğunu görən jurnalistlər  məcburiyyət qarşısında rayonu tərk ediblər.
Belə ki,  hücumçuların çoxu Heydərabad qəsəbəsində dövlət idarə və müəsisələrinin müdirləri olub. Onların yaxalarında H. Əliyevin təsviri əks olunan nişanlar olub.
E. Mehdiyevin sözlərinə görə, o, hadisə yerindəki polis tərəfindən döyülüb. Taksi sürücüsü tərəfindən də iki yumruq zərbəsi alan E. Mehdiyev zorla maşına mindirilərək, geri qaytarıldıqlarını bildirdi. Yol boyu isə onları iki polis maşını müşaiət edib.
Təzyiq faktı ilə bağlı sabah jurnalist Həkimeldostu Mehdiyev Sədərək rayon  prokurorluğuna müraciət edəcək.
Xatırladaq ki, 24 dekabr 2008-ci il tarixində bir qrup gənc əsassız olaraq (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) Sədərək rayon Polis Şöbəsinə aparılaraq səhərə qədər orada saxlanılmışdı. Polis Şöbəsində  gənclərə qarşı  fiziki, mənəvi və psixoloji təzyiqlər edildiyi üçün onların  valideynləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası prezidentinə şikayət (http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,175/id,1755/lang,az/)  ərizəsi yazıblar. Şikayətçilərdən Həsənov İsmayıl bir neçə gün bundan əvvəl Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilmiş,həyat yoldaşı X. Həsənova və oğlu E.Həsənov isə itkin düşmüşdü.
Previous Post

AVROPA ŞURASI XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASINDAN NARAHATDIR

Next Post

RATİ-NİN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.