JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun  Bənəniyar kəndində baş vermiş hadisələrlə bağlı məlumat əldə etmək istəyən jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirməyə mane olublar.

Belə ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirləri – Elman Abbasov, Həkimeldostu Mehdiyev, “Azadlıq” radiosunun və “Turan” informasiya agentliyinin bölgə müxbiri Məlahət Nəsibovanın kəndə girişinin qarşısı alınıb. Bu barədə RATİ-yə Naxçıvan bölgə müxbiri Elman Abbasov məlumat verib. Onun sözlərinə görə, kəndə giriş-çıxış məhdudlaşdırıldığından məlumat almaq mümkün deyil.

“Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi”nin yaydığı bəyanatda da bu barədə məlumat verilib. “Bölgədə baş verənləri müşahidə etmək üçün jurnalistlərin və yerli hüquq müdafiəçilərinin kənd ərazisinə girişinin qarşısı alındı. Təxminən 36 saat bütün rabitə kanallarının fəaliyyəti kənddə dayandırıldı. Jurnalist və hüquq müdafiəçisi kimi biz də kənd əhalisindən informasiya aldığımız zaman naməlum adamlar tərəfindən telefonla təhdid edildik və təhqirlərə məruz qaldıq” – deyə  M.Nəsibova bəyanatda vurğulayıb.

 Xatırladaq ki, Məhərrəm ayının doqquzuncu və onuncu günlərində  kənd sakinləri sinə vurublar və bir neçə sakin başını da yarıb. Həmin gün kəndə polis müdaxilə edib və bir neçə sakini həbs edərək Culfa rayon Əlincə polis şöbəsinə aparıblar. Orada saxlanılan şəxslərə fiziki təzyiq göstərilib. Bənəniyarlılar onu da bildiriblər ki, şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb. O üzərinə benzin töküb və özünü yandıracağını bildirdi. Orada olan polislər isə ona “yandır” deyiblər. Yunis alışqanı yandıraraq özünü odlayıb. Bundan sonra vəziyyət daha da qarışdığından kəndə polis qüvvələri yeridilib.

Previous Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ YANVARIN 22-DƏ DAVAM EDƏCƏK

Next Post

FƏRƏMƏZ NOVRUZOĞLU AZADLIĞA ÇIXDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.