HAKİM CİDDİ ƏSASLAR OLMADAN QƏZETƏ QARŞI İDDİANI İCRAATA GÖTÜRDÜ

Bu gün (10 iyul) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə "Azadlıq Hərəkatçıları" Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Hakim iclas zamanı məhkəmə iş üzrə məhkəmə baxışının mümkünlüyünün müzakirə ediləcəyini və tərəflərin mövqeyinin öyrəniləcəyini qeyd etdi.
İddiaçı tərəfin nümayəndəsi Oqtay Əvəzoğlu iddialarında israrlı olduqlarını və iddianın icraata götürülməsinin vacibliyini qeyd edərək iddia ərizəsinin xahiş hissəsini oxudu.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov iddianı gülünc adlandırdı və hakimdən iddianı icraata götürməməyi xahiş etdi.
“Təhmasib Novruzovun “Azadlıq” qəzetinin yaradılmasına və təsisçiliyinə heç bir aidiyyatı yoxdur. Siz bilirsiniz ki, əvvəllər Azərbaycanda qəzetləri Mətbuat və İnformasiya Nazirliyi qeydiyyata alırdı. “Azadlıq” qəzeti həmin nazirlikdə iki dəfə qeydiyyatdan keçib, 1993-cü ildə və 1996-cı ildə. 1996-cı ildə qeydiyyata alınarkən aldığımız şəhadətnamə sizə təqdim olunub və orada təsisçilərin kim olduğu göstərilir”, – deyə vurğuladı. Təhmasib Novruzovun 1989-1991-ci illər ərzində AXC-nin üzvü olduğunu deyən Əhmədov onun birinci AXC üzvlüyündən, sonra isə ümumiyyətlə AXCP-dən uzaqlaşdırıldığını qeyd etdi.
Qəzetin  hüquqlarını müdafiə edən E. Sadıqov da iddianı absurd hesab etdi və qarşı tərəfdə T. Novruzovun “Azadlıq” qəzetinin təsisçisi olduğunu göstərən sənədin mövcud olub-olmaması ilə maraqlandı. İddiaçının nümayəndələri Novruzovun AXC Ali Məclisinin üzvü olduğunu göstərən vəsiqənin özünü deyil, yalnız surətini təqdim etdilər. Sadıqov surətin sənəd kimi qəbul edilmədiyini, eyni zamanda Novruzovda belə bir vəsiqənin olmasını onun qəzetin təsisçisi olduğunu sübut etmədiyini vurğuladı.
Bundan sonra hakim tərəflərə barışıq təklif etsə də, iddiaçı buna razılaşmadı. Hakim tərəflərin vəsatətlərinin olub-olmamsı ilə maraqlandıqda, iddiaçı tərəf məhkəmə araşdırması dövründə “Azadlıq” qəzetində “Azadlıq Hərəkatçıları” Birliyi və onun sədri Novruzov haqqında hər hansı bir yazının verilməsinin qadağan edilməsi ilə bağlı yazılı vəsatət verdi. Lakin vəsatət imzalanmadığından hakim onu geri qaytardı.
Tərəfləri dinlədikdən sonra hakim qısa müddətə müşavirə otağına getdi və qayıtdıqdan sonra iddianın icraata götürülməsi və məhkəmə baxışının 25 iyul saat 15.00-a təyin edilməsi barədə çıxardığı qərarı elan etdi.
Qeyd edək ki, RATİ-nin əməkdaşları foto və video çəkiliş aparmaq üçün hakimə müraciət etdilər.Hakim bu məsələ ilə bağlı tərəflərin mövqeyini öyrəndi.Cavabdeh tərəfin heç bir etirazı olmasa da, iddiaçı tərəf çəkilişin aparılmasını istəmədi. Lakin iddiaçının nümayəndələrindən biri öz mövqeyini gülünc şəkildə əsaslandırdı:”Bəlkə mən sabah imicimi dəyişəcəyəm, bu gün çəkilən fotoşəkillərdə olduğum kimi görünmək istəməyəcəyəm”.Hakim yerində müşavirə keçirərək foto və video çəkilişin aparılmasına icazə vermədi.

Previous Post

MAHAL İSMAYILOĞLUNUN ONA ŞƏR ATAN QADINLA ÜZLƏŞMƏSİ OLUB

Next Post

NƏTİCƏLƏRİ ŞÜBHƏ DOĞURAN MONİTORİNQ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.