NƏTİCƏLƏRİ ŞÜBHƏ DOĞURAN MONİTORİNQ KEÇİRİLİB

“İnkişaf” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi və “Hüquqi və Demokratik İslahatlar Mərkəzi” bu il iyunun 1-dən 30-dək mətbuatın monitorinqini apardığını iddia edir.

Bu gün (10 iyul) həmin monitorinqin nəticələrinin elan edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
       “İnkişaf” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elşad Mirbəşiroğlu monitorinqin 4 prinsip (jurnalistin peşə etikasının pozulması, məlumat mənbəyinə istinad, şərəf və ləyaqətin toxunulmazlığı prinsipinin gözlənilməsi, plagiatlıq, faktların bilərəkdən təhrif edilməsi, böhtan, təhqir və əsaslandırılmamış ittiham) üzrə aparıldığını və monitorinqə aşağıdakı qəzetlərin cəlb edildiyini bildirdi:
          “Yeni Müsavat”, “Reytinq”, “Bizim yol”, “Səs”, “Kaspi”, “İki Sahil”, “Yeni Azərbaycan”, “Şərq”, “525-ci qəzet”, “Ayna” və “Azadlıq”.
     Monitorinqin nəticələrinə inansaq bir ay ərzində yuxarıda qeyd edilən prinsiplər üzrə ən çox pozuntuya “Azadlıq” qəzeti 33 məqalədə və “Yeni Müsavat” qəzeti isə 28 məqalədə yol verib. Digər qəzetlərin pozuntuları isə cüzi sayda göstərilir. Cəmi 97 bənddən ibarət pozuntular siyahısında  “Reytinq” qəzetinin – 13 , “Bizim yol” qəzetinin –  6, “Səs” qəzetinin – 3, “Kaspi” qəzetinin – 3, “İki Sahil” qəzetinin – 1, “Yeni Azərbaycan” qəzetinin – 1 , “Şərq” qəzetinin – 1, “525-ci qəzet” qəzetinin isə  2 məqalədə pozuntuya yol verdiyi qeyd olunur. “Ayna” qəzetinin adı isə siyahıda 4 dəfə çəkilir. Amma maraqlıdır ki, qəzetlərdə səhv axtaran monitorinq müəllifləri özləri də ciddi səhvə yol veriblər. Siyahının 35-ci bəndində güya “Ayna” qəzetinin 7 iyun tarixli 8-ci sayında 10-cu səhifədə dərc olunduğu bildirilən “Azərbaycan ordusunda islahatlar ləng gedir” məqaləsində jurnalistin peşə etikası normasını pozduğu iddia edilir. Siyahının 95-ci bəndində də eyni tarixdə amma qəzetin 8 deyil 38-ci sayında və 10-cu deyil 3-cü səhifəsində dərc olunduğu bildirilən eyni  yazıya görə eyni irad bildirilib. Yeri gəlmişkən həmin yazının müəllifi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru, NATO-nun dəstəyi ilə “Ayna” və “Zerkalo” qəzetlərinin əlavəsi kimi dərc olunan “Ordunun Aynası” və “Armeyskoe Zerkalo” qəzetlərinin redaktoru, Azərbaycanda hərb sahəsində yazan ən peşəkar jurnalistlərdən biri Cəsur Sümərinilidir (Məmmədov). Bu misaldan  görünür ki, aparıldığı iddia edilən monitorinqin nəticələri şübhəlidir.
         Qeyd edək ki, Azərbaycan Jurnalist Qurumları Koalisiyası (JQK) da "Azərbaycan mətbuatında etik prinsiplərin gözlənilməsi" layihəsini yerinə yetirir. Layihə JQK-də təmsil olunan "Nəcəf Nəcəfov" Fondu, "Azərbaycan Jurnalistlər Birliyi", "Yeni Nəsil" Jurnalistlər Birliyi, "Demokratik Jurnalistlər Liqası", "RUH" Jurnalistlərin Müdafiə Komitəsinin müəllifliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin ayırdığı maliyyə hesabına həyata keçirilir. Bu il iyunun 7-də monitorinqin 6 aylıq nəticələri açıqlanmış və məlum olmuşdur ki, peşə etikası kodeksinin pozulmasına dair məqalələrə ən çox "Səs", "İdeal" və "Müasir Müsavat" qəzetlərində rast gəlinir.
         RATİ hesab edir ki, yuxarıda söz açdığımız monitorinq obyektiv və ədalətli şəkildə aparılmamışdır. Bunu iddia etməyə digər tutarlı əsaslar da var. Məsələn, “Səs” qəzetinin 20 iyun 2008-ci il tarixli nömrəsində “Emin Hüseynovun missionerlərlə işbirliyi sübuta yetirildi” başlıqlı və “Ona krişnaçı Dodi Kramnikin xəsarət yetirdiyi üzə çıxıb” yarımbaşlıqlı məqalə dərc olunmuşdu. Məqalədə “məlumatlı mənbəyə” istinadən bildirilir ki, RATİ-nin sədri Emin Hüseynov iyunun 14-də "Alaturka" restoranında Avropanın dini təriqətləri ilə əlaqələr qurub, Çe Gevaranın təbliğatının aparılmasının vacibliyi barədə fikirlər səsləndirib. Hüseynov lazım gələrsə, PKK ilə əlaqələr qurmağa cəhdlərin də göstərilməsini təklif edib. Lakin krişnaçı Dodi Kramnik bundan razı qalmayıb və onlar arasında yaranan mübahisə yumruq davasına çevrilib. Ona görə də restoranın rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb və hadisə yerinə gələn polis əməkdaşları pozucu qüvvələri sakitləşdirməyə müvəffəq olub. Bundan əlavə yazıda RATİ qondarma jurnalist təşkilatı kimi təqdim olunmuşdu.
          Məqalədə Emin Hüseynovun mövqeyi öyrənilmədiyi üçün məqaləni yazan jurnalist peşə etikasını pozmuş, Hüseynova qarşı böhtan, təhqir və əsaslandırılmamış ittiham irəli sürüldüyündən monitorinq zamanı əsas götürülən digər prinsiplər də pozulmuşdur. Bununla belə, “Səs” qəzetindəki həmin məqalə pozuntu kimi qeydə alınmamışdır.  
          Bundan əlavə iyun ayı ərzində “Səs” qəzetində “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin “mavi” olduğu, onun AXCP tərəfindən seçkiqabağı vəziyyəti gərginləşdirmək üçün “ortaya” atıldığı iddia olunan bir neçə məqalə çap olunub. Həmin məqalələrdə adları çəkilən prinsiplər pozulsa da, onlar monitorinqin nəticələrində əks olunmayıblar.
          Eyni zamanda monitorinq aparan şəxslərin kimliyinin məlum olmaması monitorinqin nəticələrini şübhə altına alır. Belə ki, mətbuat konfransında jurnalistin “bu monitorinqi hansı ekspertlər aparıb” sualını Mirbəşiroğlu belə cavablandırdı:
          “Onlar gənc şəxslərdir, adları sizə heç bir şey deməyəcək. Əsas odur ki, mən onlara materialları vermişəm və işləmə qaydasını izah etmişəm. Materiallar işlənib və bizə təqdim olunub”. 
Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,79/
Previous Post

HAKİM CİDDİ ƏSASLAR OLMADAN QƏZETƏ QARŞI İDDİANI İCRAATA GÖTÜRDÜ

Next Post

RATİ KANADA QƏZETİNDƏ DƏRC EDİLƏN MƏQALƏYƏ ÖZ ETİRAZINI BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.