HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ ÜÇÜN VAXT VERDİ

Bu gün (26 may) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə hazırda Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyündə hərbi xidmətdə olan Mürsəlov Fərdi Teyyub oğlunun "Gündəlik Bakı" qəzetinə qarşı  qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfdən vəkil Şəfiqə Nağıyeva və iddiaçının atası  Teyyub Mürsəlov, cavabdeh tərəfdən isə qəzetin baş redaktoru Habil Vəliyev və nümayəndəsi Üzeyir Cəfərov iştirak edirdi. Cavabdehin nümayəndəsi öz çıxışında əsgərin məhkəməyə gətirilməsi haqqında vəsatət qaldırdı. Hakim hansısa bir əsgərin məhkəməyə gətirilməsinin bir qədər çətin olduğunu əsas gətirərək bu vəsatəti təmin etmədi.
      Daha sonra hakim tərəflərə barışıq təklif etdi. İddiaçının vəkili Nağıyeva barışığa yalnız qəzetin təkzib verəcəyi təqdirdə razı olduqlarını bildirdi. Cavabdeh  Habil Vəliyev isə qəzetdə təkzib verməyə hazırlaşmadıqlarını dedi.
       “Biz öz qəzetimizdə yalnız  münasibət verə bilərik. Əgər buna razıdırlarsa biz bu məsələni bu gün həll edə bilərik”, – deyə Vəliyev qeyd etdi.
       Amma iddiaçının nə atası, nə də vəkil baş redaktorun təklifi ilə razılaşmadılar. Onlar yalnız təkzib veriləcəyi təqdirdə barışığa razı olduqlarını bildirdilər.
     Hakim tərəflərə barışıq üçün vaxt verdi və növbəti məhkəmə prosesini 5 iyun saat 17. 00-a təyin etdi.
      Xatırladaq ki, iddiaya səbəb  qəzetin 8 aprel 2008-ci il tarixli sayında "Mehman Hacalıyevin (M. Hacaliyev Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyünun rəisidir – RATİ) qanunsuz əməlləri bitmir" başlıqlı məqalə olub. Əsgər həmin məqaləni heç bir fakta əsaslanmadığını, yazılanların özünü və valideynlərini narahat etdiyini iddia edib. Bu səbəbdən o, qəzetin təkzib verməsini və 50 (əlli) min AZN məbləğində cərimələnməsini tələb edir.

Previous Post

ƏFV EDİLMİŞ JURNALİSTLƏR AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİBLƏR

Next Post

JURNALİSTLƏRİN İDDİASI TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.