HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF EDİB

Bu gün (8 dekabr) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə vətəndaş Şirinova  Solmaz Qədimalı qızının vətəndaş Hüseynov Zakir Qəni oğluna qarşı xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçı Şirinova Solmaz və cavabdeh  Hüseynov  Zakir iştirak ediblər.

Məhkəmə prosesinə şahid qismində dəvət olunmuş sözügedən məqalələrin müəllifi, “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Qədimov (Balaxanlı) isə prosesdə iştirak etməyib.

Hakim A. Rzayev məhkəmənin əvvəlində  tərəflərə barışıq təklif etdi. Cavabdeh  Hüseynov  Zakir bildirdi ki, sözügedən məqalələrdə yer alan ifadələrin heç biri ona məxsus deyil və bundan sonra qəzetlərdə xüsusi ittihamçı barədə hər hansı kobud ifadələrə yol verməyəcəyi barədə iltizamı yazılı surətdə hakimə təqdim etdi.

Xüsusi ittihamçı Şirinova Solmaz bununla razılaşmadığını və cavabdehin barəsində müvafiq cəza tədbirinin görülməsini məhkəmədən xahiş etdi.

Hakim A. Rzayev barışıq təklifini bir daha xatırladaraq, qərarı elan etmək üçün prosesi 9 dekabr saat 10:00-a təyin etdi.

Xatırladaq ki, vətəndaş Şirinova Solmaz  vətəndaş Hüseynov Zakirin şikayət ərizəsinə əsasən  “Yeni Müsavat” qəzetinin 18. 03. 2010-cu il tarixli sayında dərc olunmuş  yazılarda “Həkim Qəninin mülkiyyəti uğrunda dava”, 21. 01. 2009-cu il tarixli sayında “Apellyasiya Məhkəməsinin hakimi qazı rolunda” və “İnter plus” qəzetinin 16-20 aprel 2009-cu il tarixli saylarında “Apellyasiya Məhkəməsi də şəriət qanunlarına “hə” dedi” və s. məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını və haqqında təhqiramiz ifadələrin işlədildiyini bildirərək, Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun CM-nin 147 və 148-ci maddələrinə əsasən cəzalandırılmasını istəmişdir.

 

Previous Post

İNSAN HÜQUQLARI BARƏDƏ YAZAN JURNALİSTLƏR MÜKAFATLANDIRILIB

Next Post

JURNALİSTLƏR YASAMAL RAYON MƏHKƏMƏSİ QARŞISINDA AKSİYA KEÇİRƏCƏKLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.