Əvəz Zeynallı Mətbuat Şurası ilə məhkəmə çəkişməsi davam edir

Avqustun 30-da Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə “Xural” qəzetinin  həbsdə olan baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. 

Proses ilk olaraq hakim M. Sadıqovun tərəflərə barışıq təklifi etməsi ilə başlayıb. Əvəz Zeynallı və cavabdeh tərəf buna etiraz etmədiklərini bildiriblər. Eyni zamanda cavabdehin nümayəndəsi Şəmsəddin Əliyev onlara qarşı irəli sürülmüş iddianı qəbul etmədiyini deyərək, əsassız olduğunu bildirib. Ə. Zeynallı da iddianı müdafiə etdiyini məhkəməyə bildirib.

Daha sonra iddiaçının vəsatətləri məhkəməyə təqdim olunub. Belə ki, Zeynallı Mətbuat Şurasının idarə heyətinin üzvlərinin şahid qismində prosesə cəlb olunaraq dindirilməsini, həm də MŞ-nın “Xural”ı “reket” qəzet elan etməsinə səbəb olmuş yazıların ekspertizadan keçirilməsi barədə vəsatətlər qaldırıb. Hakim M. Sadıqov yerindəcə müşavirə edərək, idarə heyətinin üzvlərinin prosesə dəvət edilməsini  iddiaçı  tərəfin etməli olduğunu bildirib. Digər vəsatətin isə növbəti proses zamanı müzakirə ediləcəyini deyən hakim M. Sadıqov məhkəməni 2 sentyabr saat 11:00-a təyin etdiyini bildirib.

Qeyd edək ki, 2011-ci ildə Mətbuat Şurası “Xural” qəzetini “qara siyahı”ya salınması ilə bağlı qərar verib. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldıraraq, qurumun protokolun və xüsusi rəyin ləğv edilməsini, işgüzar nüfuza vurulmuş zərərlə bağlı maddi təzminat ödənilməsini istəmişdi.

Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov baxılmadan saxlanması ilə bağlı qərar vermiş, apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlamışdı. Ali Məhkəmə isə iddiaçının kassasiya şikayəti əsasında işi baxılması üçün yenidən Nərimanov Rayon Məhkəməsinə göndərib.

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcunun dövlət büdcəsinə ödənilməsi də qeyd olunur. Yuxarı instansiya məhkəməsi baş redaktorun apellyasiya şikayətini təmin etməyib.

Əvəz Zeynallının özü, həmçinin bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları ittihamların saxta olduğunu və hökmün tənqidi yazılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.

Previous Post

Jurnalist Idrak Abbasov Lerik Prokurorluqda izahat verib

Next Post

Bloggerin mühakiməsi başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.