Bloggerin mühakiməsi başlayıb

resad-ramazanov
Sentyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə dindar blogger Rəşad Ramazanovun məhkəmə prosesi keçirilib. Prosesdə çıxış edən blogger həbsinin səbəbi kimi yaradıcılıq və siyasi fəaliyyətini, eləcə də ölkədə baş verən hadisələr barədə sosial şəbəkələrdə münasibət ifadə etməsini gördüyünü, özünü təqsirli bilmədiyini deyib.
Daha sonra həbsi həyata keçirən polis əməkdaşları və hal şahidlərinin ifadələri dinlənilib. Şahidlərdən – İslam Ağabəyov, İbrahim Kazımov, Eldar Qədimov və Elçin Tağıyev öz ifadələrində  hadisə baş verən gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ramazanovun qanunsuz narkotik satışı ilə bağlı  məlumat daxil olmasından sonra  “20 yanvar” metrostansiyası yaxınlığında onun saxlanıldığını bildiriblər. Şahidlər həmçinin hal şahidləri Elxan Məmmədov və Fərid Quliyevin iştirakı ilə R. Ramazanovun üzərində baxış keçirdiklərini və onun şalvarının sol arxa cibindən heroin bükülüsü aşkar etdiklərini məhkəməyə bildiriblər. Ramazanov İbrahim Kazımov adlı şahidin həmin günü orada olmadığını deyib. Daha sonra şahidlər iş üzrə  dövlət ittihamçısının və müdafiə vəkilinin suallarını cavablandırıblar.
Proses 12 sentyabr saat 12:00-da davam edəcək
Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaaddin) “20 yanvar” metrostansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə, Rəşad Ramazanovun  əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir. Mayın 20-də Rəşad Ramazanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Avqustun 7-də bloggerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) (Ramazanov)rəsmi facebook səhifəsində (http://on.fb.me/12G0WJE) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.

Previous Post

Əvəz Zeynallı Mətbuat Şurası ilə məhkəmə çəkişməsi davam edir

Next Post

Jurnalistin məhkəməsində rəy vermiş ekspert dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.