Quba jurnalistlərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

quba 2

Fevralın 20-21-22 də Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə həbs olunan “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev və digərlərinin işi üzrə məhkəmə prosesləri şahid ifadələrinin dinlənilməsi ilə davam edib  və hakim cinayət işi üzrə məhkəmə istintaqını yekunlaşdırıb.

Məhkəmədə dindirilən Quba rayon icra hakimiyyətinin sabiq icra başçısı Rauf Həbibovun çıxışı olan videonun ekspertizasını keçirən Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Altay Əsədov və Lətif Əliyev bildiriblər ki, R.Həbibov internetdə yayılan videodakı sözləri öz çıxışında söyləyib və həmin çıxış ümumi çıxışdan olan videodan kəsilərək götürülüb. Ekspertlər onu da əlavə ediblər ki, Rauf Həbibovun çıxışı montaj olunmayıb, çıxışa hər hansı bir əlavələr olmayıb, çıxışdan hansısa sözlər çıxarılmayıb və hər hansı bir təhrifə yol verilməyib.

Jurnalistlərin vəkili, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdi ki, sözügedən çıxışın montaj olunmadığı barədə ekspertlərin verdiyi rəy jurnalistlərə qarşı prokurorluğun irəli sürdüyü ittihamların şişirdilmiş və əsassız olduğunu bir daha sübut edir. “Nə jurnalistlərə, nə də digərlərinə qarşı irəli sürülmüş ittihamlar sübut olunmur və məhkəmə ittiham olunan şəxslərin günahsız olduğu barədə sübutlara mütləq düzgün hüquqi qiymət verməlidir.

Məhkəmədə digər şahidlərin ifadələri dinlənilib qurtardıqdan sonra hakim iş üzrə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edib. Növbəti proses fevral 25-i dövlət ittihamçısının çıxışı ilə davam edəcək.

Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 manata satırlar” ifadəsi rayon əhalisinin 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirməsi ilə nəticələnib. Aksiya iştirakçıları R.Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. İcra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. Məsələ ilə bağlı cinayət işi açılıb və prokurorluq 20-dən artıq adamı həbs edərək, kütləvi iğtişaş törətməkdə ittiham edib. Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə irəli sürülmüş ittihamlarda dəstə üzvlərinin icra başçısının çıxışının məqsədli şəkildə montaj olunması, “YouTube” videoportalına yerləşdirilməsi və insanları etiraza çağırması yer alıb. Regional “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev də həmin çıxışı xüsusi montaj etməkdə ittiham olunur. Jurnalistlər isə ittihamı qəbul etmir və həmin videosüjetin onlar tərəfindən hazırlanmadığını bildirirlər.

Previous Post

Mətbuata müsahibə verən Lənkəran sakini həbs edilib

Next Post

Prokuror “Xəyal” TV-nin əməkdaşlarına 4,5 il cəza istəyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.