Yanvarın 29-da Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə həbs olunan “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev və digərlərinin işi üzrə məhkəmə prosesi keçirilib. Jurnalistlərin hüquqlarını məhkəmədə Media Hüququ İnstitutunun vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov müdafiə ediblər. Reportyorların Azadlıq və Təhlüksizlik İnstitutuna (RATİ) məlumat verən Rəşid Hacılının sözlərinə görə, proses şahidlərin ifadələri ilə davam edib.
Həmçinin prosesdə Xəyal TV-nin icraçı direktoru Vüqar Qonaqov Bakıdan Qubaya etap olunan zaman heç bir şəraiti olmayan qatarda gətirildiklərini və Xaçmaz Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasındakı ağır şəraitdən danışıb, vəziyyətin dözülməz olduğunu deyib. “Qoy Ombudsman gəlib bu şəraitlə tanış olsun” deyə Qonaqov bildirib.
Vəkil Rəşid Hacılı da həm etap, həm də Xaçmaz təcridxanasındakı ağır vəziyyətin yaxşılaşdırılması ilə bağlı hakimə müraciət edib. Fasilə elan edən hakim təqsirləndirilənlərin məhkəməyə gətirilməsi və aparılmasının qatarla deyil, avtomobillə həyata keçirilməsi üçün müvafiq quruma müraciət etdiyini deyib. Rəşid Hacılı RATİ-yə onu da bildirib ki, Xaçmaz RPŞ-nin təcridxanasındakı vəziyyət isə dözülməz olaraq qalır.
Proses fevralın 7-si 10:30-a kimi təxirə salındı.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 manata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları R.Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. İcra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində regional “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Jurnalistlərə qarşı 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.