"Xəzər-Lənkəran" Futbol Klubunun (FK) prezidenti Mais Məsimov “FANAT.AZ” idman saytının layihə rəhbəri Zahir Əzəmət və idman yazarı Natiq Muxtarlını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Natiq Muxtarlının sözlərinə görə, “Xəzər-Lənkəran” FK-nın rəhbərliyinin maliyyə yeyintiləri ilə bağlı yazdığı köşə yazılarında sərt tənqidlə çıxış etsə də, heç bir təhqir və böhtana yol verməyib. “Mais Məsimov isə özünün və ailəsinin şərəf-ləyaqətinin təhqir olunduğunu iddia edərək, mənim və saytın layihə rəhbəri Zahir Əzəmətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə xüsusi ittiham qaydasında Nərimanov Rayon məhkəməsinə müraciət edib” – deyən N.Muxtarlı vurğuladı ki, saytın baş redaktoru Əli Sahib olduğu halda Zahir əzəmətin məhkəməyə verilməsi məsələsinin səbəblərini araşdırırlar. N.Muxtarlı onu da əlavə etdi ki, iddia ilə bağlı hazırlıq iclası 9 iyun saat 15-00-a təyin olunub.
“Xəzər-Lənkəran” FK-nın mətbuat katibi Tural Əsgərov RATİ-yə bildirib ki, Natiq Muxtarlı dəfələrlə yazdığı yazılarda tənqid sərhədlərini aşaraq, təhqir və böhtanlara yol verdiyinə görə, məsələnin məhkəmə müstəvisində həll olunmasına qərar verilib.