“XURAL” QƏZETİ CƏRİMƏLƏNDİ

Fevralın 3-də Nərimanov rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə müğənni Nüşabə Ələsgərlinin  “Xural”  qəzetinə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 313. 1.1-ci maddələri ilə qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə cavabdeh “Xural” qəzetinin baş redaktoru  Əvəz Zeynallı iştirak etsə də, iddiaçı tərəfdən prosesə qatılan olmadı.

Zeynallı bildirdi ki,  Ələsgərli ilə  anlaşma əldə edilib və müğənni iddiasından imtina məktubunu növbəti prosesdə məhkəməyə təqdim edəcək. Amma hakim Zeynallının bu xahişini nəzərə almayaraq müşavirəyə getdi.

Müşavirədən qayıtdıqdan sonra isə hakim  “Xural” qəzetinin 3 min manat məbləğində cərimə cəzasının təyin edilməsi barədə çıxardığı qərarı elan etdi.

Əvəz Zeynallı məhkəmənin bu qərarının ədalətsiz olduğunu deyərək, qərardan apellyasiya şikayəti veriləcəyini bildirdi.

Qeyd edək ki, açıq məhkəmə prosesində hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  əməkdaşına foto və video çəkilişin aparılması üçün icazə verməyib, habelə RATİ əməkdaşı Əhməd Heybətov məhkəmə zalından çıxarılıb.

Xatırladaq ki, Nüşabə Ələsgərli “Xural”  qəzetinin 04.03.2007 tarixdə dərc olunan “İTV “Xural”a tələ qurdu” adlı məqaləsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək,  “Xural” qəzetinə qarşı iddia qaldırmışdı. Nərimanov rayon Məhkəməsi qəzet redaksiyasının  100 AZN məbləğində cərimə ödəməsi, eləcə də qəzetin növbəti saylarında təkzib verilməsi barədə qərar çıxarıb. Amma redaksiya maddi imkansızlıqdan cərimə məbləğini vaxtında ödəyə bilməyib.

 

Previous Post

RATİ NÜMAYƏNDƏLƏRİ AŞPA-NIN QIŞ SESSİYASI VƏ YUNESCO -NUN TƏDBİRLƏRİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇ

Next Post

BƏXTİYAR HACIYEV POLİS NƏZARƏTİNƏ GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.