“Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu onlara qarşı tətbiq olunan senzura ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Heydər Əliyev Fondunun prezidenti M.Əliyevaya, bir sıra yerli və beynəlxalq təşkilatlara, habelə RATİ-nin direktoru E. Hüseynova müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, “Korrupsiya və Cəmiyyət” jurnalı “Merfi Şiping and Kommersial Servises Limited” şirkətinin rəhbəri Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka ilə bağlı silsilə araşdırma yazılarını dərc etməyə başlayandan sonra, məqalədə göstərilən cinayətlərin ictimaiyyətdən gizlədilməsi üçün jurnala qarşı məhkəmə iddiaları qaldirilib və bu yolla jurnala qarşı senzuranın tətbiq edilməsi haqqinda qərarın çıxarılmasına müvəffəq olublar. Baş redaktor müraciətində jurnala qarşı tətbiq olunan qeyri-qanuni qərarın dayandırılması üçün kömək istəyir.
Xatırladaq ki, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və onun nümayəndəsi Namiq Ələkbərov "Korrupsiya və Cəmiyyət" jurnalına, jurnalın baş redaktoru Məmməd Əhmədoğluna qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Yasamal rayon Məhkəməsində iddia qaldırmışdı. Məhkəmənin hakimi Xəqani Tağıyev 4 oktyabr 2007-ci il tarixində iddiaya mahiyyəti üzrə baxılana qədər Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və vəkili Namiq Ələkbərov haqqında materialların nümayiş etdirilməsinin "Korrupsiya və cəmiyyət" jurnalına və baş redaktoru Məmməd Əhmədoğluna qadağan edilməsi haqqında qərar çıxarmışdı. 22 oktyabr 2007-ci il tarixində çıxarılan qərara əsasən isə Adeola Aqbabiakanın iddiası üzrə iş baxılmamış saxlanılmışdı. Daha sonra 13 mart tarixində Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun çıxardığı qərara əsasən, Namiq Ələkbərov haqqında yazıların dərc olunması istisna olmaqla, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka haqqında materialların nümayiş etdirilməsinə qoyulan qadağa ləğv olundu. Oktyabrın 22-də çıxarılan qərar isə qüvvədə saxlanıldı. Daha sonra qərardan kasasiya şikayəti verilmişdi. 14 may tarixində Ali Məhkəmədə hakim Vəfaəddin İbayevin çıxardığı qərar ilə kasasiya şikayəti təmin edilmədi, Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanıldı. İddiaya "Korrupsiya və Cəmiyyət" jurnalının 2007-ci il 9 saylı nömrəsində "Hakim andı və iştahı" başlıqlı və "Nigeriyalı fırıldaqçının Ədliyyə Nazirliyinə qarşı iddiası 1.350.000 ABŞ dolları rüşvəti hesabına necə təmin edildi" yarımbaşlıqlı məqalə və məqalənin sonunda "ardı gələn sayımızda" yazısı səbəb olmuşdu.