“TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLDİ

Milli Məclisin bu gün (3 aprel) keçirilən iclasında “Televiziya və radio yayımı haqqında ” qanuna əlavə və dəyişiklik layihəsi qəbul olundu.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Milli Məclisin Mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri Nizami Cəfərov bildirdi ki, sənəddə qanunun 4 maddəsinə 8 əlavə və dəyişiklik təklif olunub və Mədəniyyət məsələləri üzrə daimi komissiyanın Milli Məclisə təqdim etdiyi layihə olduğu kimi qəbul olunub. Bu dəyişikliklərin təsadüfü dəyişikliklər olmadığını deyən N. Cəfərovun sözlərinə görə, bu qanunda əsas televiziya və radioların fəaliyyətində çatışmayan hüquqi məsələlərinin tənzimlənməsi nəzərdə tutulub.
Təklif edilən dəyişikliyə görə, özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur.
Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələrinə gəlincə isə, bu qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda inzibati tənbeh  tədbirləri tətbiq edir və (və ya) məhkəmə qarşısında iddia qaldırır. Zəruri hallarda isə (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və.s) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün icazə verir.
Xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsinə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırıla bilər. Yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində ən azı üç dəfə sanksiyaya məruz qaldıqda.
Dəyişikliyə görə, reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.
Müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması adlı maddəyə görə, yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər.
Yayımçıların müəlliflik hüququna gəlincə isə, bu qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlamağa borcludur.
Previous Post

HÜQUQŞÜNASLAR MƏHKƏMƏYƏ VERİLİB

Next Post

AİLƏSİ MİRZƏ SAKİT İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.