Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimov “Hüquq Maarifçiliyi Cəmiyyəti” ni, (HMC) cəmiyyətin prezidenti İntiqam Əliyevi və təşkilatın hüquqşünası Nurlana Əliyevanı şərəf və ləyaqətin alçaldılması iddiası ilə məhkəməyə verib.
Xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) HMC-nin rəhbəri İ. Əliyev verib. Onun bildirdiyinə görə, iddiaya səbəb ötən il çapdan çıxmış «Hakimlərin intizam məsuliyyəti» adlı kitabda Şəki Apellyasiya Məhkəməsinin hakimi Q. Kərimovun sədrlik etdiyi məhkəmə proseslərinin birində yol verdiyi qanun pozuntularına görə, Məhkəmə Hüquq Şurasının (MHŞ) hakim haqqında çıxardığı qərar barədə məlumatın dərc edilməsi olub. Bu qərarın MHŞ-nın rəsmi internet saytından götürüldüyünü qeyd edən İ. Əliyev, qərarda Q. Kərimovun sədrliyi ilə keçirilən prosesdə ölmüş şəxsin şahid qismində ifadə verdiyi və hakimin qərarları muzdla tutduğu başqa bir adama yazdırdığı bildirilib. Lakin əsaslı sübutlar olduğu halda hakim haqqında başlanılmış intizam icraatına xitam verilib: “Amma MHŞ-nın web-səhifəsində olan bu məlumat sonradan dəyişdirilərək hakim Q. Kərimova töhmət verilməsi qeyd edilib” –bu sözləri də İ. Əliyev deyib.
MHŞ-nın Hüseyn Səfərov adlı əməkdaşı isə RATİ-yə, bu barədə şuranın web-səhifəsində məlumat yerləşdirildiyi, lakin sonrada məlumata dəyişiklik edilmədiyi bildirilib: “Məlumatda "Xitam verilib" yox "Töhmət verilib" ifadəsi yazılmışdır".
Hakim Q. Mehdiyev isə iddia edir ki, həqiqətə uyğun olmayan məlumatın dərc edilməsi nəticəsində MHŞ-nın onun barəsində guya əsassız xitam qərarı verilməsi vurğulanmaq yolu ilə onun şərəf və ləyaqətinə xələl gəlmiş və bununla da onun adını guya qanunsuz sənəddə hallandırmaqla hərəkətlərinə haqq qazandırılan reputasiyalı hakim olduğu təəssüratı yaradılmışdır.
İ. Əliyev rəhbərlik etdiyi təşkilatın insan haqları, məhkəmə sistemi sahəsindəki fəaliyyətinin və Avropa Məhkəməsinə ünvanladığı şikayətlərin hakimiyyəti qıcıqlandırdığını, buna görə də onların bu yolla təşkilatı zərərsizləşdirmək istədiklərini vurğulayıb: “Əminəm ki, hakimin iddiası bu kampaniyanın tərkib hissəsidir"
RATİ hakim Qəzənfər Kərimovla əlaqə yaratmaq istəsə də bütün səylər baş tutmayıb.