MƏHKƏMƏ QƏZETƏ QARŞI ŞİKAYTƏTİ İCRAATA GÖTÜRMƏDİ

Bu gün Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana İsmayılovanın sədrliyi ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası keçirilib.

Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi Şahin Hacıyev bildirdi ki, “qəzetdə dərc olunan məqalə böhtan xarakterli və həqiqətə uyğun olmadığından biz öz iddiamızı əsaslı sayırıq”. "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan isə öz çıxışında bildirdi ki, “biz yazı çap olunandan dörd gün sonra, yəni qəzetin 29 dekabr 2007-ci il tarixli sayında təkzib vermişik. Və məhkəməyə göndərdiyimiz məktubda bildirmişik ki, həmin müxbir bizim tərəfimizdən cəzalandırılıb”. Hakimin “müxbirin əsl adı nədir?” sualını cavablandırarkən A.Ayxan qeyd etdi ki, “biz hələki bunu açıqlamaq istəmirik”. Daha sonra iddiaçının nümayəndəsi Ş.Hacıyevin “bu yazı çapa hazırlanarkən onun həqiqətə uyğun olub-olmamağı haqqında araşdırma aparmısınızmı?” sualına  A.Ayxan öz cavabında bildirdi ki, “yazı çapa hazırlanarkən qarşı tərəflə bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı”.
     Bundan sonra cavabdehin vəkili Rəşid Hacılı şikayət düzgün əsaslandırılmadığından şikayətin icraata qəbul edilməməsi haqqında vəsatət qaldırdı. Məhkəmə müşavirəyə getdi. Müşavirədən qayıdan hakim qərarı elan etdi. Qərara əsasən, Cinayət-prosessual məcəlləsinin 302.1.2-ci maddəsini (şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə) rəhbər tutan hakim şikayəti təmin etmədi. İşə baxılmaqdan imtina edildi.
      Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat" qəzetinin 25 dekabr 2007-ci il tarixli sayında dərc edilən "Balıq Hafiz"in kürəkəni həbs olunub" başlıqlı və "Saşko Tadorovski rüşvət almaqda günahlandırılır" yarımbaşlıqlı məqaləyə görə qəzeti məhkəməyə verib. İddiaçı tərəf cavabdehdən öz qəzetində yalnış və böhtan xarakterli yazıların dərc edildiyinə görə təkzib verərək üzr istəməsini, vurulmuş mənəvi zərərin əvəzi kimi 20 000 AZN məbləğində pul və qəzetə məsul şəxslərə cinayət işinin açılmasını tələb  edirdi. İddia ərizəsində cavabdehlər qismində qəzet redaksiyası, baş redaktor əvəzi Azər Ayxan və Cahangir adlı müxbir göstərilmişdi.

Previous Post

“ÇAP EVİ” BAZAR GÜNLƏRİ FƏALİYYƏTİNİ BƏRPA EDİB

Next Post

İDDİA ƏRİZƏSİ YENİDƏN MƏHKƏMƏYƏ TƏQDİM EDİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.