RATİ-nin ilin əvvəlində xəbər verdiyi kimi, müstəqil şəkildə fəaliyyət göstərən jurnalist Anar Niftəliyev (Mahmudoğlu) "Bir ömürlük mübarizə" adlı kitabına görə təzyiqlərə üzləşmişdi.
Bu gün Folklor İnstitutunun əməkdaşları adı çəkilən kitaba və bu məsələ ilə əlaqədar “Azadlıq” qəzetinin 19 aprel 2008-ci il tarixində dərc edilmiş “Filosof Ramiz Mehdiyevə “folklor nağılı”” adlı məqaləyə (müəllifi Fikrət Hüseynlidir) etiraz olaraq mətbuat konfransı keçiriblər.
İnstitutun əməkdaşı Rövşən Əlizadə bildirdi ki, həmin kitabın yığılması ilə bağlı məhkəmə artıq qərar çıxarıb. “Eyni zamanda məhkəmə Anar Niftəliyevin mətbuatda təkzib verməsini tələb etmişdir. Lakin bunun əvəzində Niftəliyev “Azadlıq” qəzetinə müsahibə vermiş və həmin müsahibə əsasında qəzetdə məqalə yazılmışdır. Müsahibə zamanı o neqativ, haqsız fikirlər söyləmişdir. Onun fikirlərindən biri ondan ibarətdir ki, Folklor İnstitutunun rəhbəri Hüseyn İsmayılov və Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev arasında hansısa intriqalar mövcuddur. Bu çox absurd fikirlərdir. Biz Niftəliyevin qeyri-qanuni hərəkətləri ilə bağlı çox hiddətlənmişik və tədbirin keçirilməsinin əsas səbəbi odur ki, bu məsələlərlə bağlı ilk növbədə “Azadlıq” qəzetindən bizə aydınlıq gətirilməsini tələb edirik, əks halda qəzeti məhkəməyə verəcəyik”, – deyə Əlizadə əlavə edib.
Sonradan çıxış edən Hüseyn İsmayılovun vəkili Səməd Vəkilov qeyd etdi ki, İsmayılovun xəbəri olmadan Niftəliyev kitabda elmi redaktor kimi onun adını qeyd edib: “Folklor İnstitutunun rəhbəri bundan xəbər tutaraq, qəzəblənib və Niftəliyevi işdən azad edib. Bundan sonra İsmayılov məhkəməyə müraciət edib və Səbail Rayon Məhkəməsi kitabın yığılıb məhv edilməsi ilə bağlı qətnamə qəbul çıxarıb. Niftəliyev bu qətnamədən Apellyasiya Məhkəməsinə şikayət verib, ona görə qərarın icrası yubanır”.
Tədbirdə çıxış edən Folklor İnstitutunun digər nümayəndələri də “Azadlıq” qəzetini və konkret olaraq Fikrət Hüseynlini bu kimi yazılara görə ittiham ediblər.
*"Bir ömürlük mübarizə" adlı kitabda Lənkəranın Sovet İttifaqı dövründə 1-ci katibi olmuş Vəli Gözəlov haqqında danışılır.