“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALINA QARŞI İDDİA QALDIRILIB

oktyabr 27th, 2009
“Korrupsiya və Cəmiyyət ”jurnalının baş redaktoru Məmməd Əhmədoğluna (Həmidov), “Sərbəst qəzet”in baş redaktoru Telman Məmmədova və  “Korrupsiya və Cəmiyyət ”jurnalının məsləhətçisi Valeh Yusifliyə qarşı Şəki rayon məhkəməsində iddia qaldırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna M.Əhmədoğlu məlumat verib.

Onun sözlərinə görə Şəki şəhər sakini Əhmədov  Əhmədi-Muxtar Abduləziz oğlu özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək məhkəməyə müraciət edib. Ə.Əhmədov məhkəmədən qəzet vasitəsilə təkzib verilməsini,  ondan üzr istənilməsini, eləcədə cavabdehlər  tərəfindən ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini və cavabdehlər barəsində rayon prokurorluğuna göndərilməklə xüsusi qərardad qəbul etməsini tələb edib. ”İddia ərizəsində bildirir ki, guya mən və V.Yusifli “Sərbəst qəzet”də onun haqqında məqalə yazmışıq və yaymışıq. Halbuki bu tamamilə cəfəngiyyatdır” – deyən M.Əhmədoğlu bildirdi ki, hakimin iddianı icraata qəbul etməsi qanunsuzdur və buna görə məhkəməyə etiraz göndərib.

 M.Əhmədoğlu onu da əlavə etdi ki, bu şəxsin müraciəti əsasında Mətbuat Şurası “Korrupsiya və Cəmiyyəti ” jurnalını reket elan etmişdir.

  İddia üzrə mülki işin məhkəmə hazırlıq iclası Şəki rayon məhkəməsində 30 oktyabr 2009-cu il  saat 17-00-da keçiriləcək.