AQİL XƏLİLİN HƏBSİ ÜÇÜN İDDİA QALDIRILIB

iyul 11th, 2008
“Azadlıq” qəzetinin əməkdaşı jurnalist Aqil Xəlilin həbs olunması üçün Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi təqdim olunub.

İddianı “Gündəlik Bakı” qəzetinin kollektivi təqdim edib. Bu barədə məlumatı RATİ-yə qəzetin şef-redaktoru Ədil Hüseynli verib.
“Biz dünən Yasamal Rayon Məhkəməsinə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia ərizəsi təqdim etmişik. İddia ərizəmizdə Aqil Xəlilin həbsini istəmişik. İddiamıza səbəb Aqil Xəlilin mənim və baş redaktorun müavini Vazeh Bəhramoğlunun şəxsi telefonuna zəng edərək bizi və ümumilikdə qəzetimizi təhqir etməsi olub. Biz fikirləşirik ki, A.Xəlilin bizi nalayiq söyüşlərlə söyməsi bizə qarşı təxribatdır. O, bu hərəkəti ilə bizi nəyəsə vadar etmək istəyirdi. Mən son zamanlar Xəlillə bağlı baş verən hadisələrlə bağlı bildirə bilərəm ki, bizim onun haqda məlumat yazmağımızın yeganə səbəbi var. Bu da həqiqəti ortaya çıxarmaq. Biz nə müxalifət, nə də iqtidar yönlü qəzetik. Bizim yeganə məqsədimiz bu hadisələrin kökündə kimin dayandığını ictimaiyyətə təqdim etməkdir”, – deyə Hüseynli qeyd edib.
RATİ bu məsələ ilə bağlı jurnalistin vəkili Elçin Sadıqovla əlaqə saxlayıb.  Sadıqov Aqil Xəlilə qarşı qaldırılmış iddianı əsassız hesab etdi: “Ali Məhkəmənin Plenumunun 1994-cü il 14 may tarixli qərarına əsasən şəxs hər hansı bir KİV vasitəsində təhqir olunmayıbsa və ya bu təhqir heç yerdə yayılmayıbsa onu təhqir edən şəxs məsuliyyətə cəlb oluna bilməz”.
*RATİ qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təhqir belə müəyyən edilir: təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma.