GƏNC BLOQÇULARIN VƏKİLLƏRİNİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (23 iyul) Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibov sədrliyi ilə gənc fəallar – Adnan Hacızadə və Emin Millinin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin polisə qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib. Proses qapalı keçirildiyindən KİV nümayəndələri, diplomatik korpus nümayəndələri və digər müşahidəçilər məhkəməyə buraxılmayıblar.

Hər iki vəkil prosesdən sonra məhkəmə qarşısında toplaşan KİV nümayəndələrinə məlumat verərək bildiriblər ki, qaldırılmış iddia təmin edilməyib. “Məhkəmə prosesinin qapalı keçirilməsi və qərarın qapalı şəkildə elan olunması, həmçinin Adnan Hacızadə ilə Emin Millinin (Abdullayev) prosesə gətirilməməsi qanun pozuntusudur ” – deyən vəkillər əlavə etdilər ki, qərardan apellyasiya şikayəti verəcəklər.
     Qeyd edək ki, gənc fəallar iyulun 8-də saxlanarkən Səbail Rayon Polis İdarəsində pis rəftara məruz qalmaları və onların müdafiə hüququnun pozulması ilə bağlı vəkillər Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər.
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.
Previous Post

AZƏRBAYCANIN PARİSDƏKİ SƏFİRLİYİ QARŞISINDA SÖZ AZADLIĞI İLƏ BAĞLI AKSİYA KEÇİRİB

Next Post

DÖVLƏT İTTİHAMÇISI ƏVƏZ ZEYNALLININ 1500 MANAT CƏRİMƏ OLUNMASINI İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.