Qənimət Zahidin (Zahidov) 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı kitabın əlyazmalarının müəllifə qaytarılması iddiası ilə yaxın günlərdə Səbayel Rayon Məhkəməsinə müraciət ediləcək.
Bu barədə RATİ-yə Media Hüquqları İnstitutunun rəhbəri, Q. Zahidin vəkili Rəşid Hacılı məlumat verib.
Onun sözlərinə görə, 1 saylı Bayıl İstintaq Təcridxanası və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı qaldırılan iddiada kitabın əlyazmalarının qeyri-qanuni müsadirə olunduğu bildiriləcək və əlyazmaların müəllifə qaytarılması tələb olunacaq.
Xatırladaq ki, kitabın əlyazmalarını oxumaq adı ilə təcridxana rəisi Misir Əliyev Q. Zahiddən alıb. Amma M. Əliyev əlyazmaları daha sonra müəllifə deyil Penitensiar Xidmətin Əməliyyat Şöbəsinə təqdim edib. Bu şöbədə bir müddət saxlanıldıqdan sonra əlyazmalar yenidən M. Əliyevə qaytarılıb. Rəisin Q. Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyevaya dediyinə görə, əlyazmalarda hökumət əleyhinə fikirlər var və bu səbəbdən də o ləğv ediləcək.