VƏKİLİ EYNULLA FƏTULLAYEVİN GİROV MÜQABİLİNDƏ AZAD EDİLMƏSİNƏ DAİR VƏSADƏT VERİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin 11 000 (min) manat girov müqabilində azad olunması barədə Bakı Apellyasiya Məhkəməsinə vəsatət verilib.

Bu barədə bu gün (19 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, vəsatət noyabrın 18-də məhkəməyə təqdim edilib və vəsatətdə Eynulla Fətullayevin girov müqabilində azad olunması xahiş edilib.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu noyabrın 11-də bu qəraı qısmən təmin etmək barədə qərar verib.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

 

 

Previous Post

JURNALİST ŞAHİD QİSMİNDƏ DİNDİRİLİB

Next Post

BLOGGER EMİN MİLLİ DƏ ŞƏRTİ AZADLIĞA ÇIXDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.