Vəkil zorla təyyarədən endirilib

fevral 13th, 2013

Fevralın 13-də səhər saatlarında təyyarə ilə Naxçıvandan Bakıya uçmaq istəyən vəkil Xalid Bağırov naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılıb. X.Bağırov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, Naxçıvan hava limanında qeydiyyatdan keçib təyyarənin salonuna daxil olarkən üç nəfər mülki geyimli şəxs zorla onu avtomobilə oturdaraq Sədərək Rayon Məhkəməsinə aparıb. Orada vəkilin pasportunu və mobil telefonunu alıblar. “Naxçıvanda iş adamları Məhəmməd Qurbanov və Nadir Məmmədovun vəkili kimi məhkəmədə iştirak edirdim. Ancaq dünən (12 fevral) keçirilən prosesdə müdafiə etdiyim şəxslər mənim fəaliyyətimi qismən məhdudlaşdırdıqlarını və prosesdə iştirakımı istəmədiklərini bildirmişdilər. Həmçinin mən bu gün Hilal Məmmədovun məhkəməsində iştirak etməli olduğum üçün geri qayıtmalıydım” – deyə vəkil bildirib.  Zor gücünə iştirak etdiyi prosesdə müdafiə etdiyi şəxslərə hökm oxunduğunu deyən vəkil Bakıya qayıtdıqdan sonra geniş açıqlama verəcəyini deyib.

Qeyd edək ki, M.Qurbanovun ötən il noyabrın 8-də Türkiyədən gətirdiyi ərzaq məhsullarını Sədərək gömrükçülərinin buraxması nəticəsində iş adamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yaranıb.  Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda N.Məmmədovun gömrük işçilərinə  zor tətbiq etdiyi qeyd olunur. Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunan Məmməd Qurbanova 4, Nadir Məmmədova isə 5 ilə həbs cəzası verilib.