Bəyanat: Vətəndaş Cəmiyyətinə Hücumlara Son Qoyulsun

DSC_6027

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) QHT nümayəndələrinin Xaçmaz rayonunda təzyiqə məruz qalmasını, qanunsuz olaraq tutulmasını qətiyyətlə pisləyir və hökuməti vətəndaş cəmiyyətinə qarşı düşünülmüş təqib siyasətinə son qoymağa, vətəndaş cəmiyyətinin müstəqil və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin etmək üçün normativ-hüquqi bazanı təkmilləşdirmək istiqamətində konkret addımlar atmağa çağırır.

RATİ prezident seçkiləri ərəfəsində hökumətin jurnalistləri, fəalları və QHT üzvlərini susdurmaq və nüfuzdan salmaq kampaniyasına başlamasından ciddi narahatlıq hissi keçirir.

Hökumətin vətəndaş cəmiyyətinə qarşı təzyiqlərinin artdığı bir vaxtda, fevralın 12-də Xaçmaz polisi RATİ-nin proqram rəhbəri və hüquqşünası Günay İsmayılova və SMDT üzvü Cavid Nəbiyevə təzyiq göstərərək onları həbs edib.

Saxlanılan vətəndaş cəmiyyəti fəallarının Xaçmaza səfəri Avropa Birliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində “yerli idarəetmədə ictimai iştirakçılığın artırılması” mövzusunda təlim keçmək məqsədi daşıyıb.  SMDT tərəfindən 12 yerli fəal üçün təşkil olunan təlim onun keçirildiyi “Sahil” otelinə polisin qəfil reydi ilə yarımçıq dayandırılıb.

Təlimin keçirilməsi ilə bağlı otel rəhbərliyi ilə ilkin razılaşmanın olmasına baxmayaraq, mülki geyimli polislər təlim iştirakçılarının və təlimçilərin sənədlərini onların əlindən almış və onların əşyalarını oteldən bayıra atıb.

Təlimçilər polisin təqibindən Xaçmaz Yerli İcma Məlumat Mərkəzinə sığınmaqla qurtulmaq istəsə də, burada onlar polisin daha aqressiv təzyiqi ilə üzləşiblər. Təlimçi Cavid Nəbiyev polis tərəfindən qəddarlıqla döyülüb. Təlimçilər həbs olunaraq 8 saat müddətində polis idarəsində saxlanıblar.

Təlimçilər saat 9-10 radələrində sərbəst buraxılsa da, fakt üzrə istintaqın başlanacağı ilə bağlı məlumatlandırılıblar. “Polisdə olduğumuz 8 saat müddətində mən ac-susuz saxlanmaqla yanaşı, həbs olunacağım hədəsi ilə psixoloji təzyiqə məruz qalmışam” – deyə hüquqşünas Günay İsmayılova bildirib.

“Xaçmaz polisinin vətəndaş cəmiyyəti tərəfindən keçirilən təlimə dünənki reydini özbaşınalıq, birləşmək və sərbəst toplaşmaq azadlığının pozulması hesab edirəm” – deyə RATİ sədri Emin Hüseynov bildirib.

İsmayılova və Nəbiyev hakimiyyətin saxta ittihamlarla hüquq müdafiəçilərini və vətəndaş cəmiyyəti fəallarını qorxutmaq siyasətinin növbəti hədəfləridir. “Ölkədə ifadə azadlığına seçki qabağı təzyiqlərin bir hissəsi kimi son vaxtlar bir çox hüquq müdafiəçiləri və jurnalistlər hədə-qorxuya və təqibə məruz qalmış, həmçinin əsassız olaraq həbs olunmuşdur. Bu hallar ölkənin ədalətli seçkilər keçirməyə hazırlığını şübhə altına alır” deyə Hüseynov əlavə edib.

Xaçmazda baş verənləri vətəndaş cəmiyyətinə qarşı tətbiq olunan silsilə təzyiqlərin – QHT-lərin fəaliyyətinə nəzarəti artırmaq məqsədi daşıyan qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasının, otellərin və konfrans mərkəzlərinin QHT-lərə tədbir keçirməyə zal verməkdən imtina etməsinin davamı hesab etmək olar.

RATİ bildirir ki, bu əməllər birləşmə və sərbəst toplaşma azadlıqlarının qanunsuz olaraq məhdudlaşdırılması olmaqla, Azərbaycanın Avropa Şurası, ATƏT və BMT kimi qurumlar qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.

 RATİ Azərbaycan hökumətini vətəndaş cəmiyyəti nümayəndələrinin həbsi və təqibinə son qoymağa, onların normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələri üçün bütün lazımi tədbirləri həyata keçirməyə çağırır.

RATİ həmçinin İsmayılova və Nəbiyevin CM-nin 315-ci maddəsi ilə əsassız olaraq ittiham olunmamaları üçün yerli və beynəlxalq ictimaiyyəti dərhal lazımi tədbirlər görməyə çağırır.

Previous Post

Vəkil zorla təyyarədən endirilib

Next Post

Həyəcan: Prokuror Əvəz Zeynallıya 11 il həbs cəzası istədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.