Bu gün (10 fevral) Bakı Apellyasiya məhkəməsində hakim Gündüz Quliyevin sədrliyi ilə "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin vəkili İsaxan Aşurovun xarici işlər naziri Elmar Məmmədyarova qarşı vəzifəli şəxsin hərəkətsizliyi (informasiya sorğusunu cavablandırmamaq) ilə bağlı qaldırdığı iddia üzrə Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Cavabdeh tərəfin nümayəndəsi isə vəkilin sorğusuna ətraflı şəkildə cavab verdiklərini bildirdi və 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasını və iddianın qanunsuz hesab olunmasını xahiş etdi.
Hakim Gündüz Quliyev Yasamal rayon məhkəməsinin qərarını qüvvədə saxladı.
Qeyd edək ki, E. Məmmədyarovun Milli Təhlükəsizlik Nazirliyinə etdiyi müraciət əsasında Fətullayevin terrora çağırışda ittiham edilməsinə dair cinayət işi başlanmışdı. Xarici işlər naziri E.Fətullayevin "Əliyevlər müharibəyə gedir" başlıqlı yazısından Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının, iş adamlarının narahat olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də E.Fətullayevin vəkili İsaxan Aşurov E.Məmmədyarova sorğu göndərərək narahat olduqları iddia edilən şəxslərin adlarının açıqlanmasını istəyib və sorğu cavablandırılmadığı üçün məhkəməyə müraciət edilmişdi.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.