VƏKİLƏ HƏBSDƏ OLAN JURNALİSTLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏYİB

Bu gün (05 avqust) vəkil Əlaif Həsənova 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən  jurnalist-satirik, “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitlə (Sakit Zahidov) görüşə icazə verilməyib.

Bu haqda məlumatı RATİ-yə vəkilin özü verib.
Onun sözlərinə görə, heç bir əsas göstərilmədən və heç bir izahat vermədən ona jurnalistlə görüşə icazə verilməyib: “Mən Mirzə Sakitin saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinə getdim. Görüş üçün bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətə müraciət etmişdim və bu görüş üçün yazılı icazə də almışdım. Mən Cəzaçəkmə Müəssisəsinin giriş qapısında iki saata yaxın müddətdə gözlədikdən sonra rəisin müavini mənə yaxınlaşdı və o, mənə gözləməyimi məsləhət bildi. Daha sonra mən Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxladım. O, mənə məsələni həll edəcəyini desə də məsələ həll edilmədi və mən iki saat yarıma qədər gözlədikdən sonra Sakitlə görüşməmiş geri qayıtmağa məcbur oldum”.
Vəkilin sözlərinə görə, ona Penitensiar Xidmətdən  verilən icazə sənədində də bu sənədin bir nüsxəsinin həbsxana rəisinə göndərildiyi qeyd olunub.
Qeyd edək ki, Mirzə Sakitin cəza çəkdiyi müəssisə Bakıdan 45 kilometr aralıda Qızıldaş qəsəbəsi ərazisində yerləşir.
RATİ məsələ ilə əlaqədar Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxladı. Şöbədən RATİ-yə bildirdilər ki, bu məsələ artıq həll olunub. Vəkil istədiyi vaxt jurnalistlə görüşə bilər.

Previous Post

QƏZET HÜCUMA, MİLLƏT VƏKİLİ İSƏ TƏXRİBATA MƏRUZ QALDIĞINI İDDİA EDİR

Next Post

MƏHKƏMƏ “AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİANI TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.