VƏKİL BU HƏFTƏ ELMAR HÜSEYNOVUN İŞİNİ APARAN MÜSTƏNTİQLƏ GÖRÜŞƏCƏK

“Monitor” jurnalının baş redaktoru Elmar  Hüseynovun qətli ilə bağlı aparılan istintaq gecikdiyindən və bu barədə heç bir məlumat verilmədiyindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.

Bu barədə məlumat verən zərərçəkənin vəkili Elton Quliyev bildirib ki, istintaqın gedişindən narahat olan beynəlxalq qurumlardan biri bu işin tezliklə Avropa İnsan Haqları Məhkəməsinə getməsinə təşəbbüs göstərir. Bu barədə  “Gün səhər” qəzetinin 29 fevral 2008-ci il tarixli sayında məlumat verilmişdi.

Bununla əlaqədar bəzi məsələləri dəqiqləşdirmək üçün E. Quliyevlə əlaqə saxladıq. Vəkil yuxarıda qeyd edilənləri təsdiqləyərək vurğuladı ki, “biz iş materialları ilə tanış olmaq xahişi ilə istintaqa müraciət etmişik. Bu həftə Hüseynovun işini araşdıran müstəntiqlə görüşəcəm. Bəzi məsələləri onunla üzbəüz danışacağam”. Quliyev Avropa Məhkəməsinə müraciət etmək niyyətlərinin olduğunu da qeyd edib.
Elmar Hüseynovun işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyin hüquqi cəhətdən mümkünlüyünü müəyyənləşdirmək məqsədilə Media Hüququ İstitutunun rəhbəri Rəşid Hacılıya müraciət etdik.  R. Hacılı RATİ-nin əməkdaşı ilə söhbətində bildirdi ki, “Quliyev jurnalistin ailəsinin vəkili kimi müraciət edə bilər. İstintaqın başa çatıb-çatmaması önəmli deyil. Əgər biz hesab ediriksə, işin açılmaması üçün istintaq düzgün aparılmır və ya  yubadılır,  bu hüquq pozuntusudur. Və təbii ki çox ciddi əsaslar var ki, Avropa Məhkəməsinə  müraciət etmək olar. Burada ədalətli araşdırma hüququ (Avropa İnsan Haqları Konvensiyanın 6-cı maddəsi) pozulub.  Eyni zamanda məlumdur ki, Elmar Hüseynov jurnalist fəaliyyətinə görə və araşdırma yazılarına görə öldürülüb. Bu isə Konvensiyanın 10 –cu maddəsinin (fikir ifadə etmək azadlığı)  pozulması deməkdir”.

Previous Post

AQİL XƏLİL VƏSATƏT QALDIRIB

Next Post

ELMAR HÜSEYNOVA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.