HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİ AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARININ İCRA VƏZİYYƏTİ İLƏ BAĞLI HESABAT HAZIR

iyul 31st, 2009
Hüquq Maarifçiliyi Cəmiyyəti (HMC) Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarların icrası sahəsində Hökumətin gördüyü işlər barədə məlumat əldə etmək üçün 29 iyul 2009-cu ildə informasiya sorğusu ilə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova müraciət edib. Bu barədə HMC məlumat yayıb.

Xatırladaq ki, Avropa Məhkəməsi bu günə kimi Azərbaycana qarşı verilmiş şikayətlər üzrə 16 iş üzrə mahiyyəti üzrə qərar qəbul edib.
Məlumatda bildirilir ki, Hüquq Maarifçiliyi Cəmiyyəti (HMC) Avropa Məhkəməsinin Azərbaycana bağlı verdiyi 16 qərarın icrasının vəziyyəti ilə bağlı hesabat hazırlamağı planlaşdırır. Bu hesabatın hazırlanmasında məqsəd Azərbaycanın həmin qərarların icrası ilə bağlı gördüyü işlərin Konvensiyaya və Avropa Şurasının digər sənədlərinə uyğunluğunun vəziyyətini araşdırmaqdır. Hüquqşünas bildirib ki, Hökumətin həmin öhdəlikləri layiqincə yerinə yetirdiyini söyləmək çətindir: bu sahədə yetərincə problemlər  var. Xüsusilə Hökumət ümumi xarakterli tədbirlərin həyata keçirilməsi ilə bağlı öhdəliyini icra etmir. Avropa Məhkəməsinin qərarları əsasında ölkə daxilində işlərə yenidən baxılması daha çox formal xarakter daşıyır; insanların işgəncəyə məruz qalmamaq, birləşmək, mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququnu pozan şəxslər, o cümlədən hakim­lər məsuliyyətə cəlb olunmurlar; milli məhkəmələr bu cür işlər üzrə ərizəçilərin hüquqlarının tanınmasını əsas göstərərək işlərə xitam verirlər və s.

Sorğuda qərarların Avropa Məhkəməsindən Azərbaycanın ölkədaxili səlahiyyətli orqanına nə zaman daxil olduğu, həmin qərarlar üzrə hansı fərdi xarakterli və ümumi xarakterli tədbirlərin görüldyü, bu qərarlar əsasında hansı işlərə yeni açılmış hallar üzrə baxıldığı və hansı işlərə yeni açılmış hallar üzrə işlərə baxılmasından imtina edildiyi, imtinanın  səbəblərinə dair və s. məlumatlar istənilib.