Naxçıvanda internet klublar bağlanır

avqust 27th, 2013
Son illərdə insan haqlarının və siyasi azadlıqların durumunun acınacaqlı vəziyyətdə olduğu və getdikcə daha da pisləşdiyi Naxçıvan Muxtar Respublikasında internet klubları bağlanmağa başlayıb. 
RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevin məlumatına görə, Naxçıvanda fəaliyyət göstərən internet-klublara qarşı təzyiqlər avqustun 23-dən başlayıb. Yerli hüquq müdafiəçiləri bu addımı rejimin prezident seçkiləri ərəfəsində informasiyaya çatımlılığı məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirib.
Jurnalistin verdiyi məlumata  görə, bu barədə ona adının açıqlanmasını istəməyən klub sahibləri, eləcə də yerli sakinlər məlumat veriblər.
“Onlar adlarının çəkilməsindən ehtiyat edirlər. Deyirlər ki, göstəriş Naxçıvanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən daxil olub. Artıq ayın 24-dən etibarən bölgənin bəzi kənd və şəhərlərində klubların bağlanamsı barədə məlumatlar almışıq. Hətta evlərdə də internetdən istifadə imkanları məhdud dərəcədədir”, -deyə jurnalist qeyd edib.
Naxçıvanda  fəaliyyət göstərən hüquq müdafiəçisi Məlahət Nəsibova da RATİ-yə  bildirib ki,  apardığımız kiçik monitorinq nəticəsində məlum olub ki,  artıq Naxçıvan şəhərində olan əksər internet klublar bağlanıb.
“Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçiləri və siyasi partiya nümayəndələri hesab edir ki, internet klublarının bağlanmasının səbəbi seçki öncəsi sosial şəbəkələrdə olan aktivliyi azaltmaqdır. İstisna deyil ki, bu cür tədbirlər seçki öncəsi Bakıda və digər regionlarda da tətbiq edilə bilər”, deyə hüquq müdafiəçisi qeyd edib.
Naxçıvanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən RATİ-yə yayılan məlumatın yalan olduğu və internet klubların fəaliyyətində heç bir maneənin olmadığı bildirilib.