İcra başçısı xəbər portalından 100 min manat istəyir

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Veteninfo.az xəbər portalında 11.04.2013-cü ildə yayımlanan “Vilyam Hacıyev iş adamının həbsinə səbəb oldu” başlıqlı məlumata etiraz olaraq 12.04.2013-cü ildə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Bu barədə bu gün (13 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Veteninfo.az xəbər portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı məlumat verib.

“İddia ərizəsində  V.Hacıyev bildirir ki, yayılan məlumat onun işgüzar nüfuzuna xələl gətirməklə bərabər, eyni zamanda rəhbərlik etdiyi İmişli rayon İcra Hakimiyyətinin kollektivində, rayon ictimaiyyətində və tabeçiliyində olduğu Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbər və digər əməkdaşlarının arasında ona qarşı inamsızlıq, etimadsızlıq halları və digər neqativ münasibətlərin formalaşmasına səbəb ola bilər. Vilyam Hacıyev məhkəməyə ünvanladığı iddia ərizəsində şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirən yalan məlumatların təkzib edilməsi və vurulmuş ziyana görə Veteninfo.az xəbər portalından 100 min manat tələb edir . Məhkəməni udacağı təqdirdə həmin vəsaiti Bakıda yerləşən uşaq evlərinin birinə bağışlayacağını qeyd edib.”,-deyə baş redaktor qeyd edib.

N. Canbaxışlı əllərində yazdıqları yazı ilə bağlı faktlar olduğunu və məhkəməyə də bu faktları təqdim edəcəklərini qeyd edib.

Baş redaktor onu da əlavə etdi ki, mayın 29-da Səbail rayon məhkəməsində proses keçiriləcək.

Previous Post

Polis jurnalistin fəaliyyətini məhdudlaşdırıb

Next Post

Jurnalistin apellyasiya şikayəti təmin edilmədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.