MAHAL İSMAYILOĞLUNA 2 İL AZADLIQDAN ŞƏRTİ MƏHRUMETMƏ CƏZASI VERİLDİ

iyul 1st, 2009
Bu gün (01 iyul) Abşeron rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və jurnalistə hökm oxunub.

   Məhkəmədə təqsirləndirilən şəxs M.İsmayıloğlu, onun hüquqlarını müdafiə edən vəkilləri – Əlayif Həsənov, Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqov və zərərçəkmiş şəxs qismində Nəcibə Səfərova və dövlət ittihamçısı Tofiq Süleymanov iştirak ediblər.
     Hakim Ş.Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) açılmış cinayət işində təqsirli olduğu sübuta yetirildiyi üçün təqsirləndirilən şəxs Mahal İsmayıl oğlu Əliyevin 2 il müddətinə azadlıqdan şərti məhrumetmə cəzası ilə cəzalandırılması və zərərçəkmiş şəxs N.Səfərovaya 30 manat ödəməsi barədə qərarı elan etdi. Dövlət ittihamçısı 3 il müddətinə azadlıqdan şərti məhrumetmə cəzası tələb etsə də, hakim təqsirləndirilən şəxs Mahal İsmayıloğlunun haqqında yaxşı xarakteristika olmasını və onun əlillik dərəcəsinin olduğunu nəzərə alaraq cəzanın iki ilə endirildiyini vurğulayıb
     Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Cinayət əməlində ittiham olunan M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.
     M.İsmayıloğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna açıqlamasında bildirib ki, barəsində çıxarılmış məhkəmə hökmünü qeyri-obyektiv və sifarişli hesab edir. “Məhkəmə istintaqı zamanı da məlum oldu ki, ən kiçik detallara qədər hər şey qondarmadır və bu iş mənim jurnalist fəaliyyətimə, hakimiyyətə qarşı sərt tənqidi mövqedən çıxış etməyimə görə verilmiş sifarişdir. Bu gün həbsxanaya sifarişlə atılmış digər jurnalistlər kimi, hakimiyyətin qərəzi nəticəsində cəzalandırılmışam” – deyən M.İsmayıloğlu qərardan apellyasiya şikayəti verəcəyini vurğuladı.