MAHAL İSMAYILOĞLU KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Bu gün (19 avqust) Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun (Sadıqov) Abşeron rayon Məhkəməsinin çıxardığı  hökmdən verdiyi apelyasiya şikayətinə əsasən ilkin məhkəmə baxışı keçirildi.

Məhkəmə baxışında təqsirləndirilən şəxs M.İsmayıloğlu, onun hüquqlarını müdafiə edən, Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəcibə Səfərova, onun vəkili Novruz Əliyev  və dövlət ittihamçısı Azər Abbasov iştirak edirdilər.
Vəkil E.Sadıqov ilkin instansiya məhkəməsində dindirilməmiş şahidlərin məhkəməyə cəlb edilməsi və işə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət verdi. Dövlət ittihamçısı A.Abbasov məhkəmə istintaqına ehtiyac olmadığını bildirdi və vəsatətə etiraz etdi.
 Müşavirədən sonra hakim H.Nəbiyev bildirdi ki, qismən məhkəmə istintaqı ilə işə baxılmasına qərar verilir və proses 1 sentyabr saat 11.00-a təyin olunur.
Vəkil E.Sadıqov isə bildirdi ki, işə tam məhkəmə istintaqı ilə deyil, qismən məhkəmə istintaqı ilə baxılması barədə qərardan kassasiya məhkəməsinə şikayət verəcəklər.
Qeyd edək ki, hakim məhkəmə iclası zamanı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşlarına çəkiliş üçün icazə vermədi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında 2008-ci il iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılmışdı. 1 iyul 2009-cu il tarixində Abşeron rayon Məhkəməsi M.İsmayıloğluna 2 il şərti azadlıqdan məhrumetmə cəzası kəsmişdi.
M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.

Previous Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORU 1500 MANAT CƏRİMƏ OLUNDU

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜNDƏN NARAHATDIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.