MAHAL İSMAYILOĞLUNUN HƏYATI TƏHLÜKƏDƏDİR

avqust 27th, 2008
“Səhhətimdə ciddi problemlər yaranıb və təcili olaraq müalicə olunmalıyam. Müalicəmin xərci də çoxdur və bu xərci ödəmək imkanlarım xaricindədir”.

Bunu    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) tanınmış jurnalist Mahal İsmayıloğlu bildirdi.
Qeyd edək ki, avqustun 26-də "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Yeni nəsil" Jurnalist Birliyinin sədri Arif Əliyev, “Ayna” və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı və "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov "Xalq qəzeti"nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun müalicə olunmasına yardım göstərmək xahişi ilə jurnalistlərə, fondlara, sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət ediblər. "Mediaforum" xəbər saytının   məlumatına görə, müraciətdə deyilir ki, M. İsmayıloğlunun həyatı təhlükədədir:
"Bir müddət əvvəl həbs təhlükəsi ilə üzləşən jurnalist Mahal İsmayıloğlunun sağlıq durumunda da ciddi problem yaranıb. Bu günlərdə onun vəziyyəti qəfildən pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdi. Həkim müayinəsi nəticəsində məlum olub ki, onun ürək damarlarının keçiriciliyi xeyli zəifləyib və yubanmadan jurnalistin ürəyində şuntlama əməliyyatı aparılmalıdır. Həkimlər hesab edir ki, vaxtilə infarkt keçirmiş və ürəyində əməliyyat aparılmış bir adam üçün belə vəziyyət çox təhlükəlidir. Əməliyyat yerli həkimlərin məsləhət bildiyi xarici ölkələrin birində həyata keçirilməlidir. Lakin nəzərdə tutulan ağır tibbi əməliyyat üçün tələb olunan ödənişi aparmağa jurnalistin maddi imkanı yoxdur", – deyə müraciətdə bildirilir.
Habelə M. İsmayıloğlu ona qarşı qaldırılmış cinayət işinin ilə bağlı RATİ-nin sualı da cavablandırdı: “Bu barədə mənə heç bir məlumat verilməyib. İstintaqın müddəti daha 2 ay uzadılmışdı, amma hələ ki, mənə məsələ ilə bağlı heç bir məlumat verilməyib”.