AQİL XƏLİLLƏ BAĞLI TELEKANALLARDA NÜMAYİŞ ETDİRİLƏN VİDEO SÜJETƏ MƏHKƏMƏDƏ BAXIŞ KEÇİRİLƏCƏK

Bu gün (23 iyul) Yasamal rayon Məhkəməsinin hakimi Xaqani Tağıyevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin Baş prokurorluğa, müstəntiq Əli Quliyevə və telekanallara (AzTV, “Lider”, “Space” və ATV) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Ötən məhkəmədə olduğu kimi bu prosesdə də AzTV və ATV, habelə Prokurorluğun nümayəndəsi iştirak etmirdi.
Xəlilin vəkili E.Sadıqov çıxış edərək, Prokurorluq tərəfindən telekanallara göndərilən video süjeti jurnalistin şəxsi həyatına müdaxilə, şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirdi. O, həm bu hərəkətin, həm də həmin video süjetin telekanallar tərəfindən nümayiş etdirilməsinin yerli və beynəlxalq qanunvericiliyə zidd  addım olduğunu bildirdi.
“Belə ki, gizli lent yazıları qanunvericiliyə görə yalnız 2 halda nümayiş etdirilə bilər: şəxsin özünün razılığı  və ya məhkəmənin qərarı ilə. Lakin bu halda nə məhkəmə qərarı, nə də Xəlilin özünün razılığı olmayıb. Əksinə Xəlil ondan ifadələrin məcburi aldığını bəyan etdikdən və bu barədə protokol tərtib edildikdən sonra həmin video süjet telekanallara ötürülüb və yayımlanıb”, – deyə Sadıqov vurğuladı.
“Space” və “Lider” telekanallarının nümayəndələri isə iddianın mahiyyətini anlamadıqlarını və video süjetin məhkəməyə iddiaçı tərəfindən təqdim edilməsini tələb etdilər. Sadıqov buna etiraz etmədi, belə ki, o özü də video süjetlərə məhkəmə zalında baxış keçirilməsi üçün vəsatət qaldırdı. Hakim bu vəsatətin təmin ediləcəyini bildirdi.
Bundan sonra növbəti proses 30 iyul saat 17.00-a təyin edildi.

Previous Post

VƏKİLİ VƏ ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

JURNALİST MÜŞFİQ HÜSEYNOVUN HƏBSİNDƏN BİR İL ÖTÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.