“MƏTBUAT VƏ MƏHKƏMƏLƏR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə “Mətbuat və məhkəmələr” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri açıq elan edən İnstitutun rəhbəri Leyla Yunus qeyd etdi ki, ötən il ərzində mətbuatın vəziyyəti olduqca ağır olub, jurnalistlər həbs edilib, onlara qarşı təzyiqlər və məhkəmə qərarları olub. Bundan sonra çıxış üçün söz Media Hüququ İnstitutunun (MHİ) əməkdaşı Xalid Ağaəliyevə verildi. Onun sözlərinə görə, 2007-ci ildə mediaya qarşı 100-dən artıq iddia və şikayət qaldırılıb ki, bu da seçki ili olan 2005-ci ildən fərqli olaraq 10 dəfə çoxdur. Ağaəliyev çıxışında MHİ-nun 2007-ci il üçün apardığı monitorinqin nəticələri barədə məlumat verdi. Vurğulandı ki, mediaya qarşı iddiaların əksəriyyəti yüksək rütbəli dövlət məmurları tərəfindən irəli sürülüb: “ən çox iddia Daxili İşlər naziri Ramil Usubov tərəfindən irəli sürülüb”. Daha sonra çıxış edən RATİ-nin sədri Emin Hüseynov çıxış edərək bildiridi ki, “DİN-lə yanaşı MTN tərəfindən mətbuata basqıların şahidi oluruq. Üç jurnalist – Sakit Zahidov, Eynulla Fətullayev və Qənimət Zahidovun məhkəmələrindən əvvəl jurnalistlər tam şəkildə axtarılır və məhkəmə zalına diktofonların, fotoaparatların və kameraların keçirilməsinə icazə verilmir. M. Hüseynovun həbsi MTN-nin antiterror şöbəsi tərəfindən həyata keçirilib”. Hüseynov məsələ ilə  bağlı təkliflərini də səsləndirdi. Əsas təklif ondan ibarət oldu ki, məhkəmə zallarında yerlər olmadığı halda məhkəmə zallarına kameralar quraşdırılsın və kənarda qalan şəxslər, jurnalistlər prosesin gedişini izləyə bilsinlər. Tədbir zamanı digər təkliflər də səsləndirildi. Hüquqşünas Ənnağı Hacıbəyli qeyd etdi ki, “Mülki Məcəlləyə mənəvi zərər haqqında müvafiq dəyişikliklər edilməlidir. Çünki Məcəllənin heç bir müddəası ilə mənəvi zərər anlayışı müəyyən edilmir. Bu da nəticədə iddia ərizələrində və hakimlərin çıxardığı qərarlarda ən yüksək məbləğdə olan cərimələrin əks olunmasına gətirib çıxarır”. Tədbirdə digər təkliflər də səsləndirildi: “Diffamasiya haqqında” Qanunun qəbul edilməsi, məhkəmələrin açıqlığının təmin edilməsi və s. 
Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ SABAH FƏTULLAYEV BARƏDƏ QƏRAR VERƏCƏK

Next Post

MƏHKƏMƏ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.