Bəyanat: Azərbaycanda mediaya təzyiqlər müxalif qəzetə yüksək məbləğli cərimələrin tətbiqi ilə davam etdirilir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) mediaya qarşı artan təzyiqlərdən və bunun kulminasiya nöqtəsi kimi aparıcı müxalifət qəzeti olan “Azadlıq” qəzetinə tətbiq olunan sərt hüquqi təzyiqdən ciddi narahatlıq hissi keçirir. RATİ ölkə Prezidentini öz səlahiyyətindən istifadə edərək mətbuat azadlığına hücumlara son qoymağa çağırır.

Azadlıq qəzeti ardıcıl iki məhkəmə qərarına əsasən 62 min manat cərimə ödəməlidir ki, bu da bir ayın içində mətbuatı senzuraya məruz qoymaq istiqamətində edilmiş ikinci cəhddir.

RATİ Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun və Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın diffamasiya iddiaları əsasında “Azadlıq” qəzetinin üzərinə qoyulmuş cərimələri qüvvədə saxlayan 14 və 19 fevral tarixli qərarlarını qətiyyətlə pisləyir.

RATİ bu qərarları tənqidçi medianın boğulmasına atılmış addım hesab edərək, tənqidləri və müxalif səsləri susdurmaq üçün diffamasiya ittihamından istifadə olunmasından son dərəcə narahtlıq hissi keçirdiyini ifadə edir.

“Azadlıq” qəzetinə  qarşı diffamasiya iddialarının təmin olunması oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində müxalif mətbuatı susdurmağa yönəlmiş aşkar cəhddir. Diffamasiya ittihamlarının digər məqsədi ictimai maraq dairəsində olan məsələlərin geniş müzakirələrə yol açmasının qarşısının alınması, bununla da vətəndaşların informasiyaya çatımlılığının məhdudlaşdırılmasıdır”,- deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ hesab edir ki, diffamasiyanın cinayət əməli hesab olunması ifadə və söz azadlığını pozur.

RATİ həmçinin qeyd edir ki, “Azadlıq” qəzeti üzərinə qoyulmuş yüksək məbləğli cərimələr kimi həddən artıq sərt sanksiyalar da ifadə azadlığı hüququnu pozur.

RATİ Azərbaycan hökumətini və məmurları medianın tənqidlərinə dözümlü olmağa, sərt maliyyə təzyiqlərinə əl atmaqla ifadə azadlığını boğmamağa çağırır.

RATİ beynəlxalq təşkilatları Azərbaycan hökumətinin mətbuata təzyiqlərə son qoymasını və beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə əməl etməsini tələb etməyə çağırır.

Previous Post

“Azadlıq” qəzetinə qarşı daha bir yüksək məbləğdə cərimə qüvvədə saxlanıldı

Next Post

Həyəcan: Naxçıvanda həkimlər jurnalistin həyat yoldaşını əməliyyat etməkdən imtina ediblər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.